Bu gün Bakı Enerji Həftəsi (Baku Energy Week) öz işinə başlayır.
Teleqraf.com xəbər verir ki, iyunun 4-6-da regionun enerji sahəsində mühüm hadisəsi olan Bakı Enerji Həftəsi keçiriləcək. Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir: 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 29-cu Bakı Enerji Forumu.
“Caspian Oil&Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, Bakı Enerji Forumu isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində təşkil ediləcək.
Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirakını təsdiq edib.
Tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, Əlcəzair, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İraq, İsrail, İsveç, İtaliya, Latviya, Qazaxıstan, Qətər, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna və Yaponiya iştirak edir. Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir ki, tədbirə qatılırlar.
Onların əksəriyyəti Azərbaycanın yaşıl enerji sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır. Sərgi sahəsinin 40 faizi isə tanınmış şirkətlərə, sərgilərin daimi iştirakçılarına məxsusdur.
Bu il də Bakı Enerji Həftəsində yüksək rütbəli qonaqların iştirakı gözlənilir: Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) idarəedici direktoru, “Masdar” şirkətinin sədri, COP28-in prezidenti Sultan Əhməd Əl Caber, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Macarıstan xarici işlər və ticarət naziri Piter Siyyarto, Macarıstanın energetika naziri Csaba Lantos, ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kemian, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays, Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol, Avropa Komissiyası Energetika üzrə Baş İdarənin direktoru Kristina Lobillo Borrero və başqaları