Aparıcı Nigar Mahmudova bildirib ki, "Türk Hava Yolları"ndan bilet alsa da, onu təyyarəyə buraxmaq istəməyiblər. Bu barədə o, instaqram hesabında paylaşım edib. Ona deyiblər ki, siz ehtiyatda olan sərnişinsiniz. Bir neçə sərnişin də bu halla rastlaşdıqlarını deyirlər.
Ehtiyatda olan sərnişin kimdir? Hansı hallarda sərnişin ehtiyatda qeydə alınır?
Bununla bağlı "Türk Hava Yolları" nın Bakı ofisinin əməkdaşı Afiq Rüstəmov Teleqraf.com-a məlumat verib.
Onun sözlərinə görə, sərnişinin məlumatlarında problem varsa, o, ehtiyatda olan sərnişin kimi qeydə alınır: “Məsələn, şəxsin ad-soyadında problem aşkarlanarsa, yetkin insan uşaq bileti alarsa, cinsini səhv seçərsə və bu kimi səbəblər olarsa, o, ehtiyatda olan sərnişin kimi nəzərdə tutulur. Əslində belə səbəblər çoxdur.
Ola bilər ki, təyyarə dolub, amma həmin təyyarədə uçmalı olan bir neçə sərnişin var. Onların yola salınması üçün ehtiyat sərnişinə və ya tək uçan şəxslərə təklif irəli sürülür ki, sizi növbəti reyslə yola salaq. Bunun əvəzində sizə kompensasiya ödəniləcək. Sərnişin razı olarsa, ona kompensasiya ödənilir və sonrakı reyslə yola salınır".
"Türk Hava Yolları" nın Bakı ofisinin əməkdaşı deyir ki, sərnişin razı olmazsa, heç kim onu yerindən tərpədə bilməz:
"Əksər hallarda sərnişinlər razılaşır və müəyyən məbləğdə kompensasiya alırlar. Kompensasiyanın məbləği müxtəlifdir. Təxminən 400-500 avro arası olur. Biletdən baha da, biletin qiymətində də ola bilir.
Bir hal da var ki, təyyarədə iki sərnişinin ad-soyadı, ata adı təsadüfən eyni ola bilər. Belə hallara tez-tez rast gəlinir. Bu da şübhəli məqam sayılır. Bir sərnişinin iki dəfə uçması təhlükəsizlik baxımından problemli olur. Ona görə hər iki sərnişin şübhəli hal kimi yoxlanılır".