12 İyun 00:11
3 226
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Ukraynadakı səfiri Vladimir Karapetyanın müşayiət etdiyi nümayəndə heyətinin Ukraynanın Buça şəhərinə səfəri, o cümlədən rəsmilərin bununla bağlı verdiyi bəyanatlar Rusiya tərəfindən sərt təpki ilə qarşılanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Nəşr bildirir ki, Rusiyanın bununla bağlı Ermənistana nota verməsi Ermənistan-Rusiya gərginliyinin yeni mərhələsinin başlanmasından xəbər verirdi. Rusiyaya görə, artıq İrəvan Moskvanın səbrini sınamağa çalışdığını və meydan oxuduğunu gizlətmir.

Rusiya tərəfinin Buça səfərinə sərt təpkisinə gəlincə, bu reaksiya təsadüfi deyil. Çünki Buça Ukraynanın Rusiya ordusunun soyqırımı törətdiyini iddia etdiyi şəhərdir. Buça 2022-ci ilin fevralında başlayan savaşın əvvəlində Rusiya qoşunları tərəfindən tutulsa da, Ukrayna sonradan geri alıb.

Rusiyalı politoloq Stanislav Tarasov bildirir ki, Ermənistanın bu addımı Ukrayna istiqamətindəki bir sıra digər anti-Rusiya hərəkətləri ilə eyni silsilədə nəzərdən keçirilməlidir. Ekspert bəzi nümunələrə də diqqət çəkir. Məsələn, Nikol Paşinyanın Ermənistanın Ukrayna məsələsində Rusiyanın müttəfiqi olmaması ilə bağlı bəyanatı, Anna Akopyanın Kiyevə səfəri, Alen Simonyanın ukraynalı həmkarı Ruslan Stefançukla Dublində görüşü, Qranadada Paşinyan və Zelenski arasında təmas...

Tarasov Ermənistan tərəfinin Ukraynaya göndərdiyi humanitar yardımın bir neçə partiyasını da sadalayıb.

Ekspert Paşinyanın ABŞ-nin “Wall Street Journal” nəşrinə müsahibəsini xatırladaraq qeyd edir ki, Ermənistan sistemli şəkildə anti-Rusiya siyasi xəttini mənimsəyib və şüurlu şəkildə bunu gücləndirir, bu da Moskvanın təmkinli mövqeyini dəyişdirir.

Tarasov vurğulayır ki, Ermənistan Qarabağ məğlubiyyətindən sonra Ukrayna ssenarisi üzrə Avropa Birliyi və ABŞ-yə doğru irəliləyir, bu isə onun dövlətçiliyini itirmək təhlükəsi deməkdir: “Bu, Rusiyanı tərk edəcəyi təqdirdə mümkün olacaq”.

Analitik açıq şəkildə söyləyir ki, İrəvanla Moskva arasında münasibətlər pisləşməkdə davam edərsə, Ermənistanın dövlət kimi mövcudluğu məsələsi şübhə altına düşə bilər: “İrəvan Rusiya faktorunu AB-ABŞ zəmanət faktoru ilə əvəz edə bilməyəcək. Çünki Qərb bir qayda olaraq, yalnız şifahi təminat verir”.

Tarasov Cənubi Qafqazda qeyri-sabitliyin yeni mərhələsini proqnozlaşdırır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər