Bəzi postsovet ölkələri əvəzində heç nə təklif etmədən Rusiyadan imtiyazlar almağa çalışırlar.
Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Belarus lideri bu baxımdan Ermənistanı misal çəkib: “Ermənilər bizdən başqa kimə lazımdır? Heç kimə. İqtisadiyyatlarını inkişaf etdirsinlər, resurslarını istiqamətləndirsinlər. Fransa, yoxsa Makronla? Sabah onlar olmayacaq və hamı Ermənistanı unudacaq”.
Lukaşenkonun sözlərinə görə, onların hamısı Rusiya ilə eyni qayıqdadırlar: “Qayıq çevrilsə, birlikdə batacağıq. Müttəfiqlik münasibətlərimizi gizlətməyə dəyməz. Biz heç nə vermədən ancaq Rusiyadan almaq istəyən bəzi başqa dövlətlər kimi davranmırıq”.
Belarus liderinin fikrincə, bu durum uzun müddət davam edə bilməz.
“Gəlin birlikdə olaq. Dəstək üçün Rusiyaya müraciət etməli olacağımız zaman uzaq dağların arxasında deyil. Məsələn, Qazaxıstanda gərginlik olanda kömək üçün Putinə müraciət etdilər. Biz (KTMT) ora qüvvələr göndərməklə və iğtişaşları sakitləşdirməklə cəld reaksiya verdik”.
Lukaşenko ekstremal hallarda MDB ölkələrinin yardım üçün yenidən Rusiya və Belarusa müraciət edəcəyinə əmin olduğunu iddia edib. O, postsovet məkanında iqtisadi əlaqələrin saxlanmasının vacibliyini vurğulayıb.
“Amerika və Avropa Birliyində Qazaxıstan və ya Özbəkistanın məhsullarını gözləyən varmı? Yoxdur. Rusiyada satmağa çalışırlar. Bizim ümumi bazarımız var və onu itirmək düzgün deyil”, - Lukaşenko əlavə edib.