28 Sentyabr 13:30
3 962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan Konstitusiyanın dəyişdirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin tələbini qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

“Nikol Paşinyan BMT-nin ali tribunasında bəyan etdi ki, Əliyevin növbəti ilkin şərtini qəbul edir. Yəni sülh müqaviləsinin imzalanması çərçivəsində Ermənistan Konstitusiyasını dəyişdirməyə hazırdır.

“Əgər Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sülh müqaviləsinin Ermənistan Konstitusiyasına zidd olduğuna qərar verərsə, o zaman biz sülhə nail olmaq üçün Konstitusiya dəyişikliklərinin zəruri olacağı konkret vəziyyətlə üzləşəcəyik”, - Paşinyan bildirib.

Nikol Paşinyan əvvəllər bu yöndə ziddiyyətli açıqlamalar versə də, indi arxayın şəkildə İlham Əliyevə növbəti ilkin şərtini yerinə yetirməyə hazır olduğu barədə mesaj göndərir”, - nəşr bildirir.

Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş hakimi Alvina Qulumyan “Hraparak”a baş nazirin dediklərini təsdiqləyib:

“Hüquqi baxımdan Konstitusiyada nəzərdə tutulur ki, əgər daxili qanunvericilik beynəlxalq müqaviləyə ziddirsə, beynəlxalq müqavilənin qüvvəyə minməsi üçün Konstitusiyaya uyğunluq baxımından həmin müqavilə ilkin baxışdan keçməlidir.

Konstitusiya Məhkəməsi həmin müqavilədə yer alan öhdəliklərin Konstitusiyaya zidd olduğunu müəyyən edərsə, burada ya müqavilə, ya da Konstitusiya dəyişdirilməlidir. Hüquqi nöqteyi-nəzərdən belədir”.

Qulumyan hesab edir ki, Konstitusiya Məhkəməsi tam hökumətin nəzarətindədir, buna görə də istənilən dəyişikliklə bağlı heç bir problem olmayacaq.

Söhbət Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Ermənistanın Müstəqillik Aktına istinadın Konstitusiyadan çıxarılmasından gedir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər