“Azərbaycan Hava Yolları”nın Bakı–Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar elan olunmuş matəm günündə ölkəmizin Fransadakı səfirliyində dövlət bayrağı endirilib.
Teleqraf.com xəbər verir ki, səfirlik Fransadakı aidiyyəti qurumlara, eləcə də bu ölkədəki diplomatik nümayəndəliklərə nota göndərib. Matəmlə əlaqədar dekabrın 26-27-də səfirlikdə xatirə kitabı açılıb. Həmçinin səfirliyin sosial şəbəkə hesablarında hadisə ilə əlaqədar paylaşım edilib.
Xarici ölkələrin Fransadakı diplomatik nümayəndəlikləri, eləcə də Parisdə olan tələbələr Azərbaycan səfirliyinə gələrək başsağlığı verir, xatirə kitabına ürək sözlərini yazırlar.
Azərbaycanın dostları olan Fransanın sabiq deputatları, ölkəmizdə çalışmış sabiq səfirlər sosial şəbəkə hesablarında bu ağır gündə xalqımıza və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmalarını arzulayıblar.
Xatırladaq ki, “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində çox sayda insan həyatını itirib və ya ağır xəsarət alıb.