27 Dekabr 09:17
458
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Ermənistan arasında 2024-cü ildə normallaşma prosesində müsbət dinamika müşahidə edilib. Sülh müqaviləsi, sərhədlərin delimitasiyası layihəsi üzrə irəliləyişlər var. Delimitasiya üzrə artıq sərhədin bir qismində Qazax rayonu istiqamətində işlər yekunlaşıb. Həmçinin Qazax rayonunun Ermənistanın işğalında olan 7 kəndindən eksklav olmayan 4 kənd Azərbaycana təhvil verilib.

Bunu Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli deyib.

O qeyd edib ki, artıq sülh müqaviləsi layihəsinin 17 bəndindən 15-i razılaşdırılıb:

“Əldə olunan uğurlar 2025-ci il üçün nikbinlik vəd edir. Amma bununla yanaşı Nikol Paşinyanın qeyri-müəyyən mövqeyi davam edir. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar var. Ermənistan rəhbərliyinin isə bu məsələdəki qeyri-müəyyənliyi sülh və normallaşma prosesində əsas maneədir”.

Ekspert hesab edir ki, Azərbaycanla Ermənistan arasındakı şərti sərhəddə üçüncü qüvvənin olmaması ilə bağlı Bakının tələbinə də İrəvan tərəfindən qaneedici cavab verilməyib:

“Ona görə də, bu iki məsələ üzrə tərəflər arasında prinsipial razılaşma əldə olunmayıb. Bunlarla bağlı Ermənistan konstruktiv mövqe nümayiş etdirəcəksə, kompromisə gələcəksə, 2025-ci ildə sülh müqaviləsinin imzalanması mümkündür”.

Mətin Məmmədliyə görə, bütün bunların əksinə Ermənistan qeyri-konstruktiv davranacaqsa və əlavə olaraq silahlanmaya davam edəcəksə, gələn ildə də iki ölkə arasında sülh müqaviləsini imzalanmaq mümkün olmayacaq:

“Ermənistan hakimiyyəti regionda baş verən reallıqları qəbul edib, danışıqlar prosesində daha konstruktiv mövqe nümayiş etdirməlidir. Nəhayət, iki ölkə arasında sülh müqaviləsi imzalanmalıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər