Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukraynada sülh üçün hazırladığı təklifi rədd edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) materialında deyilir.
Qeyd olunur ki, Putin Trampın Ukraynanın NATO-ya üzvlüyünü müharibənin dayandırılması şərti kimi ən azı 10 il təxirə salmaq təklifini birbaşa rədd edib.
Dekabrın 26-da Rusiya lideri ABŞ-ın yeni prezidentinin bu fikrini şərh edərkən, Ukraynanın bu gün, sabah və ya 10 ildən sonra NATO-ya daxil olmasının fərqinin olmadığını deyib.
“Putinin bu bəyanatı onun 2021-2022-ci illərdə irəli sürdüyü tələblər üzrə kompromisləri nəzərdən keçirməkdən imtina etdiyini təsdiqləyən silsilə şərhlərinin bir hissəsidir. Bu tələblərə Ukraynanı heç vaxt NATO-ya qoşulmayacaq daimi neytral dövlətə çevrilməyə məcbur etmək, Ukrayna ordusunun sayına sərt məhdudiyyətlər qoymaq və Ukrayna hökumətinin istefaya göndərilməsi daxildir”, - ABŞ analitikləri belə qeyd edirlər.