27 Dekabr 11:38
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 18-də Baltik dənizində Litva, İsveç, Finlandiya və Almaniyanı birləşdirən iki dənizaltı fiber-optik internet kabelinin zədələnməsi ilə bağlı araşdırma davam edir. Zədə nəticəsində Finlandiya ilə Almaniya arasında çəkilmiş sualtı telekommunikasiya kabel xətti sıradan çıxıb. Kabellər zədələnən zaman Çinin “Yi Peng 3” yük daşıyıcısı yaxınlıqda olub və sualtı görüntülər təxribat şübhələrini artırıb. Buna görə də Çinə məxsus gəminin iki kritik sualtı kabelin zədələnməsində mümkün iştirakı araşdırma altındadır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Almaniya müdafiə naziri Boris Pistorius hadisəni potensial təxribat kimi qiymətləndirib:

“Bu, regional təhlükəsizlik və internet bağlantısı üçün əhəmiyyətli təsirləri olan mürəkkəb vəziyyət yaradıb. Çinin Xarici İşlər Nazirliyi məsələ ilə bağlı hər hansı məsuliyyəti rədd etsə də, İsveç Baş naziri Ulf Kristersson Çin hökumətini istintaqa rəsmi kömək etməyə çağırıb. “Reuters”in məlumatına görə, Çin səlahiyyətliləri gəmidə araşdırma aparırlar, Avropa nümayəndələri araşdırmada müşahidəçi qismində iştirak edirlər.

Avropalı ekspertlərin sözlərinə görə, hadisənin təxribat olduğunu sualtı görüntülər də təsdiq edir. Sualtı görüntülər istintaq orqanı tərəfindən deyil, özəl media qurumlarının sifarişi ilə həyata keçirilib. Gəminin lövbərinin sualtı kabellərə ziyan vurması iddiası güclüdür. Cavabsız qalan sual gəminin bunu qəsdən, yoxsa təsadüfən törətməsiylə bağlıdır.

“Wall Street Journal” mülayim hava şəraiti və idarəolunan dalğa hündürlüyü səbəbindən lövbərin təsadüfən kabelləri sürükləməsi ehtimalının minimal olduğunu yazıb. Bu baxımdan gəminin kabel xətlərinin pozulmasına görə məsuliyyət daşıdığı bildirilib. Həmin kabellərin qlobal rabitə və iqtisadi sabitlik yönündən strateji əhəmiyyəti nəzərə alınaraq, baş verən hadisə beynəlxalq narahatlığı artırıb”.

Məqalədə başqa bir məqama da diqqət çəkilir:

“Avropada belə bir rəy formalaşıb ki, çinlilər dənizaltı kabellərə toxunmaqla həssas məlumatları, o cümlədən hərbi rabitə və iqtisadi məlumatları ələ keçirə bilərlər. ABŞ avropalı müttəfiqlərini kabellərin quraşdırılmasında Çin şirkətləri ilə əməkdaşlıqdan çəkinməyə çağırıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər