İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Əfqanıstanın mədən və neft naziri Daud Sabanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Şahin Mustafayev qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq üzərində qurulmuş Azərbaycan-Əfqanıstan əlaqələrinin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə çatdırmışdır.
Əfqanıstan nümayəndə heyətinin ölkəmizə səfəri, keçiriləcək görüşlər də ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəkdir.
Qeyd edilmişdir ki, hazırda Azərbaycan və Əfqanıstan arasında müxtəlif sahələrdə əlaqələr genişlənir. Ticarət, enerji, nəqliyyat, tikinti materiallarının istehsalı, təhsil və s. sahələrdə əməkdaşlıq üçün potensial mövcuddur.
Nazir Şahin Mustafayev ölkələrimiz arasında əməkdaşlığın inkişafı baxımından hökumətlərarası İşçi Qrupunun yaradılmasının və hüquqi bazanın genişləndirilməsinin vacib olduğunu və bu sahədə işlərin sürətləndirilməsinin əhəmiyyətini qeyd etmişdir.
Əfqanıstan İslam Respublikasının mədən və neft naziri Daud Saba səmimi qəbul üçün təşəkkürünü bildirmiş, ölkəmizin sürətli inkişafından məmnunluğunu ifadə etmişdir. Nazir Daud Saba Azərbaycan nümayəndə heyətinin bu yaxınlarda Əfqanıstana səfərini xatırladaraq, səfərin və keçirilmiş görüşlərin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi baxımdan əhəmiyyətini vurğulamışdır.
Daud Saba ölkəsinin iqtisadiyyatına və investisiya mühitinə dair məlumat vermiş, müxtəlif sahələrdə əməkdaşlığın inkişafı perspektivlərinə dair fikirlərini bildirmişdir.
Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı, qanunvericilik bazasının genişləndirilməsi, enerji, infrastruktur, tikinti materiallarının istehsalı və digər məsələlər barədə müzakirələr aparılmışdır.