15 Aprel 2015 10:12
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 15 aprel 2015-ci il tarixdən 31 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 212 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) elan edir.


Komissiyadan Publika.az-a verilən məlumata görə, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 171-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 41-i isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.


“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.


Müsabiqənin test imtahanı zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılacaq:

1. dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklər və Azərbaycan dili üzrə test proqramı - 15 test tapşırığı;
2. qanunvericilik sahəsində - 40 test tapşırığı;
3. informasiya texnologiyaları sahəsində - 15 test tapşırığı;
4. məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı.


Komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı 15 aprel 2015-ci il tarixdən 14 may 2015-ci il tarixdə saat 18:00-dək Komissiyaya təqdim etməlidirlər.

Müraciət Forması elektron, şəxsən və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.

Müsabiqəyə dair ətraflı məlumat “Respublika” qəzetinin 15 aprel 2015-ci il tarixli sayında dərc edilmiş və 15 aprel 2015-ci il tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında - www.dqmk.az verilmişdir.

Ən çox vakant vəzifə mərkəzi icra hakimiyyəti orqanlarından Dövlət Statistika Komitəsi (44 yer), Kənd Təsərrüfatı Nazirliyi (43 yer), Gənclər və İdman Nazirliyi (35 yer) və Energetika Nazirliyi (33 yer) üzrə çıxarılmışdır.


Müəllif:

Oxşar xəbərlər