“Bakı 2015 Birinci Avropa oyunlarına Dəstək: Vətəndaş Cəmiyyəti Koalisiyasının yaranması və “Birinci Avropa oyunlarına Dəstək: Vətəndaş Cəmiyyəti hədəflərimiz və missiyamız” adlı tədbir keçirilir.
Teleqraf.com xəbər verir ki, tədbirdə aparıcı QHT və KİV rəhbərləri, millət vəkilləri, tanınmış ziyalılar iştirak edir.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov deyib ki, I Avropa Oyunları ölkəmizin və qitənin həyatında əlamətdar hadisədir: "Çox təəssüflər olsun ki, həm ölkə daxilində, həm də ölkə xaricində qərəzli fikirlər, ikili standartlar hökm sürür. Xarici qurumlar və onların havadarları qarayaxma kampaniyası aparırlar. Bu gün vətəndaş cəmiyyəti nümayəndələri ilk Avropa Oyunlarına dəstək koalisiyası yaradılacaq".
İnsan Hüquqları və Maarifçilik Ictimai Birliyinin sədri Rəfail Becanov deyib ki, tədbirin məqsədi vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyətinin əlaqələndirilməsidir: "Dövlət və vətəndaş cəmiyyəti sektoru olaraq önəmli tədbirdir. Bu oyunlar Avropa idman tarixinə yazılacaq. Həm də yeni informasiya məkanı açır. Bəzi qüvvələrsə Avropa Oyunlarından təzyiq vasitəsi kimi istifadə etmək istəyir. Biz Soros fondu, Amnesty International kimi təşkilatların bəyanatlarını rədd edirik. Bu təşkilatların ölkəmizə qarşı münasibəti bəllidir, həmişə ikili standartlarla yanaşıb".
"Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev isə söyləyib ki, Avropa Oyunları özümüzə dost və müttəfiqlərin artırılmasında müstəsna kömək edəcək: “Qərəzli fikirlərə dərhal reaksiya verilməlidir. Bütün bunları Azərbaycan naminə etməliyik. Azərbaycanın müstəqil siyasətindən məmnun qalmayan ermənilər və onları dəstəkləyən qüvvələr qarayaxma kampaniyaları həyata keçirilməyə çalışır. Onlar ölkə daxilində özlərinə müttəfiq axtarmağa cəhd edirlər. Media və vətəndaş cəmiyyətinin nümayəndələri diqqətli olmalıdır".
Nərgiz