BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Milli Mətbuatının 140-cı ildönümü münasibətilə media təmsilçilərini təbrik edib.
BAXCP mətbuat xidmətindən Teleqraf.com-a daxil olan təbrikdə deyilir:
“Hörmətli media nümayəndələri!
Əziz jurnalistlər!
Sizi Azərbaycan Milli Mətbuatının 140-cı ildönümü münasibətilə təbrik edirəm!
Azərbaycan mətbuatı “Əkinçi” qəzetindən başlayaraq şərəfli bir yol keçmiş, xalqımızın marifləndirilməsində, ana dilimizin və milli-mənəvi dəyərlərimizin qorunmasında, mədəniyyətimizin, incəsənətimizin təbliğində və inkişafında önəmli rol oynamışdır.
Sovet rejiminin amansız represiyalarının ən ağır illərində belə Azərbaycan mətbuatının ləyaqətli nümayəndələri, söz adamları qətiyyətlə mübarizə aparmış, qan yaddaşımızın unudulmasına, xalqımızın milli müqavimət hissinin sarsıdılmasına, assimilyasiyaya uğramasına imkan verməmişlər.
Ötən əsrin sonlarında vüsət alan Milli Azadlıq Hərəkatında, dövlət müstəqilliyimizin qazanılmasında Azərbaycan mətbuatının və bu şərəfli peşənin ayrı-ayrı nümayəndələrinin xidmətləri əvəzsizdir.
Bu gün ölkəmizdə etimadlı və sivil siyasi münasibətlərin formalaşması, çoxşahəli silahatların aparılması, dövlətçiliyimizin qorunması, milli vətənpərvərlik ruhunun yüksəldilməsi, milli demokratik dəyərlərin təşəkkül tapması və ən başlıcası, işğal edilmiş ərazilərimizin azad edilməsi üçün mətbuatımızın da üzərinə ağır və tarixi bir missiya düşür.
Ümid edirəm ki, Siz bu vəzifənin öhdəsindən şərəflə gələcək, Azərbaycanın bütöv, demokratik və qüdrətli bir dövlətə çevrilməsi üçün əməyinizi əsirgəməyəcəksiniz.
Bu yolda hər birinizə cansağlığı, dövlətimizin, millətimizin və mətbuatımızın inkişafı yolunda uğurlar arzulayıram.
Fürsətdən istifadə edib, Milli Mətbuatımızın 140 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə fəxri adlara layiq görülən, orden və medallarla təltif olunan jurnalistləri təbrik edirəm”.
Nemət