5 Avqust 2015 11:58
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mirhəsən Seyidov: “Gənclər 6 gün çadırlarda qalacaqlar”

Şahin İsmayılov: “İyul ayı ərzində ofisimizə 3700 tələbə gəlib”

Təhsil ili başa çatdıqdan sonra gənclərin asudə vaxtlarını necə keçirmələri, ictimai fəaliyyətləri diqqət mərkəzində olur. Hazırda ölkəmizdə xeyli sayda gənclər təşkilatı fəaliyyət göstərir və demək olar ki, minlərlə gənci ətrafına toplaya bilib.

Bəs, gənclər təşkilatları hazırda nə kimi işlərlə məşğuldur, fəaliyyətləri nədən ibarətdir?

Məsələ ilə bağlı açıqlama verən “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov bildirib ki, “İrəli” gənclərin maarifləndirilməsi sahəsində fəaliyyətini davam etdirərək Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “SAY: Support of Azerbaijan Youth” hərəkatı adı altında - “GREEN” layihəsinə start verib.

Onun sözlərinə görə, layihənin əsas məqsədi Support of Azerbaijan Youth hərəkatı çərçivəsində təbiətin insan tərəfindən çirkləndirilməsinin mümkün qədər aradan qaldırılması və gənclərə könüllü sosial məsuliyyəti öyrədərək gələcəkdə böyük ekoloji problemlə qarşılaşmamaq üçün onlara sağlam həyat prinsiplərini aşılamaqdır: “SAY hərəkatının ikinci fəaliyyəti çərçivəsində təşkil olunacaq düşərgədə gənclər 6 gün açıq havada qurulacaq yaşayış çadırlarında qalaraq, bir sıra ekoloji, ətraf mühitin qorunması sahəsində təlimlərdə, ictimai müzakirələrdə iştirak edərək öz bilik və bacarıqlarını inkişaf etdirəcək, eyni zamanda, Səmti Müəyyən etmə Federasiyası, Hava və Ekstremal İdman Növləri Federasiyası, Atıcılıq Federasiyası və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil olunacaq səmti müəyyən etmə, dağçılıq-hiking, atıcılıq və velosiped idman növləri üzrə yarışlarda özlərini sınayacaqlar. Seçim zamanı təbiətin qorunmasında maraqlı olan və ekstrim şəraitdə yaşamaq həvəskarı olan şəxslərə üstünlük verilib.

Düşərgənin proqramında film gecəsi, iməcilik, ekoloji oyunlar və müxtəlif əyləncələr də nəzərdə tutulub. Düşərgədə qaldıqları müddətdə yeməklərini belə özləri hazırlayacaq 14 regiondan 100 nəfərdən çox gənc komandalara bölünərək komandalarının uğurları uğrunda mübarizə aparacaq. Düşərgə bağlanış mərasimində gənclərin təltifləndirilməsilə sonlanacaq. Qeyd edim ki, “SAY: Support of Azerbaijan Youth - GREEN Göygöl rayonunun Hacıkənd qəsəbəsində start verilib”.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov qeyd edib ki, rəhbərlik etdiyi təşkilat daha çox tələbələrlə işlədiyi üçün yay fəsli ərzində onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün təlimlərin keçirilməsi və sair bu istiqamətə üstünlük verilir. Onun sözlərinə görə, ötən aylarda olduğu kimi, ofis gündəlik fəaliyyətini davam etdirir: “Yay aylarında təşkilatımızda müxtəlif sahələri əhatə edən təlimlər, treninqlər, görüşlər keçirilir. Hazırda da 4 təlim keçirilir. Əsas gücümüz isə növbəti tədris ilinə hazırlıqlara yönəlib. İttifaqın yeni tədris ili üçün böyük planları var. İndi bir neçə layihə üzərində işlər həyata keçirilir. Onu deyə bilərəm ki, bunlar kifayət qədər yeni və səs salan layihələr olacaq. Hazırda bu məsələ ilə bağlı xarici partnyorlarımızla danışıqlar gedir. O cümlədən yerli dövlət və özəl qurumlarla da ciddi fikir mübadiləsi aparırıq”.

Ş.İsmayılov deyib ki, tədris ili başa çatmasına baxmayaraq, aktiv fəaliyyət göstərən tələbələr ofislə mütəmadi işləyirlər: “Onlar proqramlar hazırlayır və həyata keçirirlər. O cümlədən bizdə BMT modelinə hazırlıq işləri də gedir. Bir sıra təlimlərdə növbəti tədris ilində tələbələr öz ictimai fəaliyyətlərinin planlarını hazırlayırlar.

Ofisimizə gələn tələbələrin statistikasını aparmışıq. Belə ki, iyul ayı ərzində ofisə 3700 tələbə gəlib. İyun ayında isə bu rəqəm 5500 olub. Avqust ayı yeni başlamasına və havaların isti keçməsinə baxmayaraq, kifayət qədər qələbəlik var. Tədris ilinin başlanması ilə bu rəqəmlər daha da çox olacaq. Bura gələn tələbələr müxtəlif təlimlərə gəlirlər. Tədqiqatları ilə bağlı gələnlər də olur. Layihə təqdimatı etmək istəyən, öz fikirlərin reallaşdırmaq üçün köməyə ehtiyacı olan tələbələr də müraciət edir. Hesab edirəm ki, bu olduqca böyük rəqəmlərdir və növbəti yeni tədris ilində həyata keçiriləcək böyük işlərdən xəbər verir".

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər