Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan torpaqlarında hərəkət edən düşmən hərbçisi istənilən yolla məhv edilməlidir. Buna uyğun tədbirlər də həyata keçirilir. Avqustun 22-də düşmənə qarşı sarsıdıcı zərbələr endirilib. Hazırda Azərbaycan Ordusunun şəxsi heyəti arasında böyük döyüş əzmi var. Onların gözləri düşməni məhv etmək, qisas almaq üçün sözün həqiqi mənasında parıldayır.
Bu barədə Trend-in sorğusuna cavab olaraq, Müdafiə Nazirlyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.
Müdafiə Nazirliyinin sözçüsü qeyd edib ki, cəbhə xəttində indi baş verən hadisələri ötən ilin təxminən eyni vaxtındakı hadisələrlə əlaqələndirmək düzgün deyil: “Çünki biz erməni təxribatlarını təkcə iyul-avqust aylarında yox, ilin əvvəlindən indiyədək öz üzərimizdə daim hiss etmişik. Cəbhə xəttində gərginlik daim olub. Ermənistan Silahlı birləşmələri tərəfindən atəşkəs rejimi həmişə pozulub. Son zamanlar isə atəşkəs rejiminin pozulması hallarının ciddi şəkildə artması müşahidə edilirdi. Bu, Nazirliyin mətbuat xidmətinin rəsmi məlumatlarında da öz əksini tapıb. Düşmən isə bizim cavablarımızı Silahlı Qüvvələrimizin onlara vurduğu zərbələr timsalında öz üzərində hiss edib. Sadəcə olaraq, son zamanlar düşmənin istifadə etdiyi silahların çapı böyüyüb və onlar artıq 60 və 82 mm-lik minaatanlardan istifadə edirlər. Ona görə də, son dəfə biz düşməni susdurmaq üçün məcbur olub toplardan müəyyən olunmuş koordinatlara zərbələr endirmişik. Nəticədə düşmən tərəfi itkilər verib. Lakin onlar həmişə olduğu kimi bunu gizlədirlər. Bizdə olan məlumata görə, Ermənistan silahlı bölmələrinin 5 hərbçisi ölüb, 8 nəfər isə yaralanıb. Biz tərəfdən isə 3 nəfər yaralanıb. İtkilərimizin olmamasının və yaralılarımızın az olmasının səbəbi isə şəxsi heyətin təhlükəsizlik qaydalarına ciddi riayət etməsidir”.
V.Dərgahlı əlavə edib ki, Ermənistan mediasında cəbhədə Azərbaycanın 4 hərbçisinin ölməsi, 15 nəfərinin isə yaralanması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Qeyd edək ki, avqustun 22-də axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs haqqında razılaşmanı növbəti dəfə xaincəsinə pozaraq, Azərbaycan Silahlı Qüvvələrinin cəbhənin Ağdam və Xocavənd rayonları istiqamətində yerləşən mövqelərini qəflətən iriçaplı atıcı silahlardan, 60 və 82 millimetrlik minaatanlardan atəşə tutub. Yaranmış əməliyyat şəraitini qiymətləndirən komandanlığımız tərəfindən düşmənin müdafiəsinin ön xəttində və dərinliyində əvvəlcədən müəyyən edilmiş kvadratlara, o cümlədən, mövqelərə, postlara, səngərlərə, bölük dayaq məntəqələrinə, kommunikasiya xətlərinə minaatanlar və toplardan yaylım atəşi ilə cavab zərbələri endirmək barədə qərar qəbul edilib. Bu qərar da icra olunub".