Ötən həftə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mütəxəssisləri Daxili İşlər Nazirliyinin Karantin-Polis Taborunun əməkdaşları ilə birgə mənşəyi məlum olmayan, baytarlıq-sanitariya cəhətdən keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran ət və ət məhsullarının satışının qarşısını almaq məqsədi ilə Bakı şəhəri və Bərdə rayonu ərazilərində reyd keçirdi.
Reyd zamanı Qaradağ rayonu ərazisində Dövlət Yol Polisi postunda Bakı şəhərinə satış üçün gətirilən 5 tona yaxın mənşəyi məlum olmayan heyvan cəmdəkləri ilə dolu yük avtomaşını saxlanıldı.
DBNX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin sözlərinə görə, heyvan cəmdəklərinə baxış keçirilən zaman heç bir müşayiətedici baytarlıq və digər sənədlərinin olmadığı müəyyən edilib.
Avtomobil sürücüsünün və yükü müşayiət edən şəxsin izahatlarına görə, maşındakı heyvan cəmdəkləri Bərdə şəhəri Səməd Vurğun küçəsi 9 nömrəli evin sakini Seyfəddin Novruzova məxsusdur. Bundan əlavə dekabrın 1-də həmin Bərdə sakininin həyətində dövlət baytarlıq qeydiyyatında olmayan iki soyuducu kamerasında 20 tondan çox mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran dondurulmuş heyvan cəmdəyi aşkarlandı.
Ötən ilki 25 ton ətin 22-si, bu il hamısı təhlükəli olub
Yolçu Xanvəli dedi ki, ötən ilin fevralında da Seyfəddin Novruzovun həyətində insan qidası üçün yararsız olan 25 ton heyvan əti aşkarlanmışdı ki, onun yalnız 3 tonu heyvanat parkına təhvil verildi, qalanı isə bakterioloji çirklənməyə yararsız olduğu üçün məhv edilərək zərərsizləşdirildi. Bu dəfə aşkarlanan heyvan cəmdəklərinə baxış keçirilərkən onların mənşəyinin məlum olmadığı, rənginin dəyişmiş, göyərmiş, qeyri-spesifik iyə malik olduğu müəyyən edilib və məhvinə qərar verilib: “Müayinələr aparıldıqdan sonra məlum oldu ki, ət bakterioloji çirklənməyə məruz qalıb. Heyvan cəmdəklərinin orqanoleptik göstəricilərinin standartlara cavab vermədiyi bəlli oldu. Nümunələrdə salmonella və eşerixa koli xəstəliyinin törədicisi tapıldı. Biokimyəvi müayinə zamanı isə yoxlanılan nümunələrin keyfiyyətsiz, eləcə də də aqoniya vəziyyətində, yəni ölüm ayağında olan kəsilmiş iribuynuzlu heyvanların əti olduğu aydınlaşdı.
Yoxlanılan nümunələrin qida üçün yararsız olduğu və baytarlıq-sanitariya tələblərinə cavab vermədiyi üçün satış məqsədilə gətirilən 5 tona yaxın ət zərərsizləşdirildi. Bərdə rayonunda aşkarlanmış 20 ton ətin də müayinələrində eyni nəticələr alındı. Hazırda bu ətin də zərərsizləşdirilməsi istiqamətində işlər gedir”.
Leş yığmaq vərdişindən əl çəkmir
Adıçəkilən şəxs barəsində ötən il müvafiq niyə tədbir görülməyib ki, həmin neqativ hal təkrarlanıb? Suala cavabda Yolçu Xanvəli bildirdi ki, ötən il Seyfəddin Novruzovdan izahat alınıb və o, bir daha belə işlərlə məşğul olmayacağını vəd edib: “Təəssüf ki, rəsmən, yazılı şəkildə belə bir işlə bir daha məşğul olmayacağını bildirsə də, yenə də leş yığmaq, murdar ət toplamaq vərdişindən əl çəkmədi.
Ötən il keçirdiyimiz monitorinq zamanı hətta Bərdə rayon Polis İdarəsinin əməkdaşları da iştirak etmişdilər. Hazırda həmin şəxs barəsində materialların toplanıb baş prokurorluğa təqdim olunması nəzərdə tutulur. Kənd təsərrüfatı naziri Heydər Əsədov bu barədə prokurorluğa şikayət ediləcəyini deyib”.
Yolçu Xanvəlinin sözlərinə görə, bu cür monitorinqlərin digər rayonlarda da keçirilməsi gözlənilir, amma yaxşı olardı ki, DBNX-ə, yaxud yerli şöbələrinə məlumat versinlər: “Ölmüş heyvan cəmdəyini toplayan qruplaşmalardan ehtiyatlanan vətəndaşlar əmin olsunlar ki, bizə məlumat verən şəxslərin anonimliyi qorunur. Hətta onlar barəsində polis idarələrinə də məlumat verilmir. Bu məlumatların vaxtında verilməsinə laqeydlik göstərilməməlidir, çünki bu şəbəkələrin qanunsuz əməllərindən heç kim sığortalanmayıb. Cəmiyyət aktiv olmalıdır, belə şəxslər həm də güclü ictimai qınağa məruz qalmalıdırlar”.
25 ton yararsız ətə görə 25 manat cərimə?..
Qurum rəsmisi dedi ki, heyvan cəsədi toplayaraq qanunsuz fəaliyyətlə məşğul olan şəxslər barəsində sərt cəza mexanizmlərinin tətbiqi üçün qanunvericilikdə təkmilləşmələr aparılmalıdır: “Bu cür əməllərlə məşğul olanlar barəsində İnzibati Xətalar Məcəlləsinə görə, fiziki şəxslər üçün 20-25 manat cərimə tətbiq olunur. Ən yüksək cərimə isə bu hərəkət bir neçə də təkrar edilərsə, 100-150 manat civarındadır. Ona görə də Kənd Təsərrüfatı Nazirliyindən təklif verilib ki, İnzibati Xətalar Məcəlləsində müvafiq hallar üçün ən azı 500 manat məbləğində cərimə nəzərdə tutulsun. Ümumiyyətlə isə belə şəxslər barəsində hüquq-mühafizə orqanları müvafiq tədbir görməlidirlər”.
Məsələ ilə əlaqədar Bərdə rayon Polis İdarəsi ilə əlaqə saxladıq. İdarənin əməkdaşı bildirdi ki, bu barədə yalnız mətbuatdan və televiziyadan məlumat alıb, idarədə rəsmi məlumat yoxdur.
Bərdə rayon prokurorluğundan prokuror köməkçisi Şamil Paşayev isə bildirdi ki, məzuniyyətdə olduğu üçün bu barədə işə qayıtdıqdan sonra məlumat verə bilər.
Leşyığanlar şəbəkəsi iş başında
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, 15 ildir qurum qida üçün yararsız heyvan cəsədləri yığan şəbəkəni ifşa etməyə cəhd göstərir, amma aidiyyəti qurumlardan dəstək verilmir: “Hətta bir neçə il öncə bu işdə iştirak edib, sonradan öz əməlindən peşman olan bir şəxs bizə müraciət edərək bu şəbəkənin Bakı şəhərində 4-cü mikrorayonda leş ətlərini topladığı yeri də göstərdi. Gecə saat 3-də biz gedib kənardan müşahidələr də apardıq. Bir neçə il öncə bütün aidiyyəti orqanlara bu barədə məlumat göndərdik. Çox təəssüflər olsun ki, şəbəkənin fəaliyyətini ifşa etmək mümkün olmadı”.
Leş ətlərindən istifadə edən restoran və şadlıq evləri var
Eyyub Hüseynov dedi ki, AİB-ə daxil olan məlumata görə, şadlıq evləri, restoranlar arasında ölmüş heyvan cəsədi satan şəbəkə ilə “işgüzar əlaqələr” quranlar da var: “Bizə verilən məlumata görə, elə şadlıq evləri, restoranlar var ki, leş ətindən istifadə edir. Yaxşı olardı ki, hüquq-mühafizə orqanları bu şəxslər barəsində ictimaiyyətə məlumat versinlər. Hazırda cənab Prezidentin sahibkarlıq fəaliyyəti üçün yaratdığı ideal şəraitdən sui-istifadə edənlər az deyil. Son iki ayda çox təəssüf ki, sahibkarlıq özbaşınalığı ilə bağlı bizə çox şikayətlər daxil olur. Bu cür şəxslər də öz əməllərini sahibkarlıq fəaliyyəti kimi sığortalaya bilərlər”.
AİB sədri dedi ki, qanunvericiliklə istehlakçılara standarta uyğun olmayan təhlükəli mal verən satıcı 1500 manata qədər cərimə olunur: “Belə şəxslərə nə üçün kiçik cərimə tətbiq olunmalıdır?”
Eyyub Hüseynov bildirdi ki, istehlakçılar, eləcə də AİB-in bəzi yerli nümayəndələri bu məsələdə laqeydlik göstərirlər: “Bu cür faktlar çoxdan məlum olsa da Bərdə rayon nümayəndəliyi indiyədək məsələyə heç bir reaksiya verməyib. Leşyığanlara elə sərt cəza mexanizmi tətbiq edilməlidir ki, insanların həyatı üçün təhlükə yaradan bu cür əməllərlə məşğul olmasınlar”.
İstehlakçını aldatmaya görə, 7 ilədək həbs
Hüquqşünas İradə Cavadova bizimlə söhbətində bildir ki, Cinayət Məcəlləsinin 200-cü maddəsinə (“İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma”) görə, belə şəxslərin əməli o halda cinayət tərkibi hesab oluna bilər ki, eyni əməllər təkrar törədilir və onlar 3 yüz manatdan 6 yüz manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə, 2 ilədək azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır: “Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bundan başqa mən hesab edirəm ki, həmin şəxs qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olarsa, 192-ci (“Qanunsuz sahibkarlıq”) maddə tətbiq oluna bilər. Yəni qanunsuz sahibkarlıq fəaliyyətinə görə 1000 manatdan 5 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 6 ayadək azadlıqdan məhrum etmə ilə cəzalandırılma, eyni əməllər, külli miqdarda ziyan vurma, külli miqdarda gəlir əldə etməklə törədildikdə, yaxud mütəşəkkil dəstə tərəfindən törədildikdə 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Sevil HİLALQIZI