11 Dekabr 2015 12:33
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu ilə tanışlıq görüşü olub.

Teleqraf.com-un məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanla Koreya arasında münasibətlərin getdikcə genişləndiyini, iki ölkənin əmək, məşğulluq, sosial müdafiə sahələrində də əməkdaşlıq imkanlarının mövcud olduğunu vurğulayıb. Prezident cənab İlham Əliyevin sosial inkişaf konsepsiyasına uyğun olaraq ölkə əhalisinin rifah halının yaxşılaşdırılması istiqamətində əldə olunan nailiyyətləri diqqətə çatdıran Səlim Müslümov ölkənin sosial təminat sisteminin respublika əhalisinin 23 faizindən çoxunu əhatə etdiyini bildirib. “Son illərdə Azərbaycanda əmək və sosial təminat sistemlərində aparılan islahatlar qabaqcıl texnologiyaların tətbiqi yolu ilə bu sahələrdə əhaliyə göstərilən xidmətlərin müasirləşdirilməsinə və şəffaflaşdırılmasına, vətəndaşlar üçün əlçatanlığının təmin olunmasına yönəlib”- deyən nazir əlilliyin müəyyən olunması və sosial yardım sisteminin avtomatlaşdırılması, tibbi-sosial reabilitasiya sisteminin təkmiləşdirilməsi, peşə təlimi sisteminin maddi-texniki bazasının gücləndirilməsi və s. sahələrdə aparılan islahat tədbirləri barədə ətraflı məlumat verib. Nazir MDB məkanında ilk dəfə olaraq Azərbaycanda qurulmuş əmək müqavilələrinin elektron qeydiyyatı sisteminə də toxunaraq, bu sistemin əmək hüquqlarının təminatına dövlət nəzarətinin səmərəli təşkilinə imkan yaratdığını vurğulayıb: “Sistemdəki dəyişikliklər ölkənin əmək bazarındakı prosesləri izləməyə və müvafiq təkliflər hazırlamağa imkan verir. Əmək münasibətlərinin elektron qeydiyyat sisteminin qurulması eyni zamanda, əmək hüquqlarının etibarlı təminatı, ümumən əmək bazarına çevik və obyektiv nəzarət etmək, qeyri-leqal məşğulluğun aşkar edilərək qarşısının alınması istiqamətlərində də əhəmiyyətli rol oynayır”.

Səlim Müslümov hazırda G20 qrupunun üzvü və Asiyada dördüncü ən böyük iqtisadiyyata malik olan, müasir texnologiyaların tətbiqinin geniş vüsət aldığı Koreya ilə bu sahələrdə əməkdaşlıq üçün yaxşı zəmin olduğunu vurğulayıb: “Xüsusən peşə təliminin təşkili, əməyin təhlükəsizliyi sistemlərinin təkmilləşdirilməsində qabaqcıl texnologiyaların tətbiqi, sosial cəhətdən həssas qruplara aid insanların əmək bazarının çıxışının dəstəklənməsi ilə bağlı Koreya ilə təcrübə mübadilələrinin aparılması hər iki tərəf üçün faydalı ola bilər”.

Kim Çanq-gyu Azərbaycanda bütün sahələrdə olduğu kimi, sosial sahədə də mühüm nailiyyətlərin şahidi olduğunu vurğulayıb. Səfir Azərbaycanla Koreyanın ikitərəfli münasibətlərinin inkişafı, o cümlədən iki ölkə arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın formalaşdırılması və inkişafı üçün onun tərəfindən daim səylər göstəriləcəyini vurğulayıb.

Görüşdə qeyd olunan sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər