23 Dekabr 2015 18:46
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fiziologiya İnstitutunun direktor müavini isə işindən getdi

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbirdə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının yeni tərkibi müzakirəyə çıxarılıb.

AMEA-nın prezidenti Akif Əlizadə Termino¬logiya Komissiyasının yeni tərkibinin təsdiq olunması ilə bağlı Nazirlər Kabinetinin 8 dekabr 2015-ci il tarixli Sərəncamını xatırladaraq sənədin icrasından irəli gələn vəzifələrdən danışıb. İclasda sərəncamın icrasını təmin etmək məqsədilə Rəyasət Heyəti qərar qəbul edib.

Rəyasət Heyətinin digər qərarına əsasən, Nazirlər Kabinetinin 15 dekabr 2015-ci il tarixli Sərəncamının icrası ilə bağlı ləğvetmə komissiyası yaradılıb.

Gündəlikdə əksini tapan növbəti məsələ Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən AMEA Mərkəzi Elmi Kitabxanasında keçiriləcək tədbirlər haqqında olub. İclasda keçiriləcək tədbirlərin planı təsdiq edilib, planda nəzərdə tutulan mövzularda məruzə edəcək şəxslərin Akademiyanın müvafiq bölmələrinə təqdim edilməsi üçün tədbirlərin icrası üzrə məsul təşkilatların rəhbərlərinə tapşırıq verilib.

Tədbirdə "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin 50 illik yubileyinin keçirilməsi barədə AMEA-nın vitse-prezidenti, Elmi Mərkəzin direktoru, akademik Tofiq Nağıyev çıxış edib.

İclasda AMEA Şamaxı Astrofizika Rəsədxanasının strukturunda qismən dəyişikliklər edilməsinə dair müzakirələr aparılıb. Şamaxı Astrofizika Rəsədxanasında mövcud ştat sayı çərçivəsində, daxili imkanlar hesabına "Nəzəri astrofizika və kosmologiya" şöbəsinin yaradılması, "Günəş fizikası" və "Günəş-Yer əlaqələri fizikası" şöbələrinin isə birləşdirilərək "Günəş və Günəş-Yer əlaqələri fizikası" adlandırılması ilə əlaqədar qərar qəbul olunub.

İclasın sonunda bir sıra kadr məsələləri müzakirə olunub. Rəyasət Heyətinin qərarları ilə AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsini icra edən və biologiya üzrə fəlsəfə doktoru Vahid Fərzəliyev AMEA-nın Mərkəzi Nəbatat Bağının direktoru vəzifəsini müvəqqəti icra edən təyin edilib. Həmçinin AMEA Fiziologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, Afiq Qazıyev öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunub.

SEVİL


Müəllif:

Oxşar xəbərlər