Abşeron rayonunda silahlı insident olub.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən Teleqraf.com-a verilən birgə məlumatda qeyd olunur ki, fevralın 2-də saat 12:50 radələrində Abşeron rayon Polis Şöbəsindən Rayon Prokurorluğuna rayon sakini, 1982-ci il təvəllüdlü Babayev Kamran Valeh oğlunun Saray qəsəbəsində yerləşən evinin qarşısında naməlum şəxs tərəfindən “Makarov” markalı odlu silahdan açılan atəş nəticəsində “boynun və döş qəfəsinin odlu silah yaralanması” xəsarəti ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına daxil olması barədə məlumat daxil olub.
Faktla bağlı həmin tarixdə Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə cinayət işi başlanıb.
Polis və prokurorluq əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Qüdrət Kərimov tərəfindən törədilməsində kifayət qədər əsaslı şübhələr yarandığından o tutularaq istintaqa cəlb olunub və ona Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə ittiham elan edilməklə barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Kamran Babayev aldığı xəsarətlərdən Sumqayıt fevralın 6-da şəhər Təcili Tibbi Yardım Xəstəxanasında dünyasını dəyişib.
Hazırda başlanmış cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.