22 Fevral 2016 18:05
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Balıkesir bölgəsində Xocalı soyqırımı ilə bağlı konfransa qatılan millət vəkili Qənirə Paşayeva Balıkesir bələdiyyə başçısı Ahmet Edib Uğurla görüşüb.

Görüş zamanı qədim Balıkesirin Azərbaycan bölgələrindən biri ilə qardaşlaşmasını istədiyini bildirən Qənirə Paşayeva bələdiyyə başçısı ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı fikir mübadiləsi aparıb. O, yaxın zamanlarda Balıkesirdə mərkəzi parklardan birinə " Azərbaycan” adının veriləcəyinə inandığını deyib və Balıkesir bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb.

Azərbaycanı çox sevdiyini deyən Balıkesir bələdiyyə başçısı Ahmet Edib Uğur Türkiyənin və Azərbaycanın "bir millət, iki dövlət" olduğunu vurğulayaraq Balıkesir bələdiyyəsinə rəhbərliyi dövründə ölkəmizlə bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Bələdiyyə başçısı hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyib və millət vəkili Qənirə Paşayevanın Balıkesirdə Azərbaycan parkı ilə bağlı təkliflərini müsbət qiymətləndirdiyini bildirib. O, bu təkliflərə qısa zamanda mütləq baxılacağını və onların həllini tapacağını deyib.

Bələdiyyə başçısına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan Qənirə Paşayeva kitabın növbəti hissələrində qədim Balıkesirin də yer alacağını bildirib: "Azərbaycan insanına Balıkesiri daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək".

Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Balıkesir Üniversiteti Azerbaycanlı Öyrəncilər Başkanı, TurAz Topluluğu Kurucusu və Başkanı İsmayıl Salmanov, Balıkesir Azərbaycan Dərnəyi Başkanı Sayın Ayhan Candemir, İzmirdə fəaliyyət göstərən Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin rəhbəri Asif Qurban da bir sıra fikir və təkliflərlə çıxış ediblər, geniş fikir mübadiləsi aparılıb.


Müəllif:

Oxşar xəbərlər