Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə İstintaq Qrupunun üzvü, Ədliyyə müşaviri Ülvi Əhmədov Dağlıq Qarabağ və Azərbaycan Respublikasının işğal olunmuş digər ərazilərində qanunsuz erməni silahlı birləşmələri tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətlərinin istintaqı ilə əlaqədar cinayət işi ilə bağlı bir sıra faktlar açıqlayıb.
Teleqraf.com xəbər verir ki, onun sözlərinə görə, Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsi və birgə istintaq-əməliyyat qrupunun 2015-ci ilin dekabrın 25-dək apardığı istintaq zamanı 78 minə yaxın istintaq hərəkəti həyata keçirilib: “Onlardan 7 min nəfərdən çox şahid, 26 min nəfərə yaxın zərərçəkmiş şəxs qismində dindirilib. 23600 nəfərdən çox zərərçəkmiş şəxs və zərərçəkmişin hüquqi varisi, 18 236 nəfər mülki iddia qismində tanınıb. 809 müxtəlif ekspertiza təyin edilib və digər çoxsaylı zəruri istintaq hərəkətləri yerinə yetirilib”.
Ədliyyə müşaviri xatırladıb ki, 2003-cü ilin dekabrın 18-də Azərbaycan Baş prokurorunun Daxili İşlər və Milli Təhlükəsizlik nazirlərinin əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılıb. Onun sözlərinə görə, əməliyyat qrupu 2004-cü ildən fəaliyyətə başlayıb: “Cinayət işi üzrə sülh və insanlıq əleyhinə 248 nəfər təqsirləndirilən şəxs qismində işə cəlb edilib. Bunlardan Xocalı soyqırımı üzrə 39, Qaradağlı soyqırımı üzrə 12, Bağanıs-Ayrım soyqırımı üzrə 18, Meşəli soyqırımı üzrə 9, Kərgicahan soyqırımı üzrə 47 nəfər tanınıb. İş üzrə işgəncə faktları ilə bağlı 35 nəfər, terrorçuluq faktı üzrə 3 nəfər, digər epizodlar üzrə 85 nəfər məsuliyyətə cəlb olunması ilə bağlı qərar çıxarılıb. Habelə ümumi cinayətlər kateqoriyasına aid banditizm, qəsdən adamöldürmə, qanunsuz silah saxlama, cinayət barədə məlumat verməmə və sair cinayətlər törətmiş 48 nəfər müəyyən olunub. Cinayət işi üzrə ümumi 296 nəfər barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə qərarı çıxarılıb. Məhkəmə qərarına əsasən sadaladığım şəxslərin barələrində həbs qəti-imkan tədbiri seçilib. Məhkəmənin qərarı ilə onların barələrində axtarış aparılması barədə müvafiq sənədlərin aidiyyatı orqanlara göndərilib. Həmin 296 nəfər təqsirləndirilən şəxsdən 3-ü rus, 1-i ukraynalı, 14 nəfər isə erməni milliyyətindən olub. Bu, 18 nəfər 366-cı alayın hərbi qulluqçuları, 18 nəfər daxili işlər orqanlarının, 11 nəfər keçmiş DTK orqanlarının əməkdaşları olub. İşdə olan digər şəxslər isə keçmiş partiya və sovet orqanlarında, təhsil, iaşə, nəqliyyat, kənd təsərrüfatı və müxtəlif sahələrdə çalışmış vətəndaşlar olub”.
Ülvi Əhmədovun sözlərinə görə, faciələrlə bağlı təqsirləndirilən şəxslərdən 264 nəfər Azərbaycan, 27 nəfər Ermənistan, 4 nəfər Rusiya, 1 nəfər Ukrayna vətəndaşlardır. İşçi qrupunun üzvü qeyd edib ki, işdə adı keçən şəxslər sırasında 294 nəfər kişi və 3 nəfər qadındır. O, işdə adı keçən qadınların adlarını və təqsirləndirildiyi maddələri də açıqlayıb: “Təqsirləndirilən qadınlar Qalstyan Janna Georqiyevna, Aqayan Elmira Aleksandrovna və Qriqoryan Bela Setrakovnadır. Onlar Cinayət Məcəlləsinin 103-cü (soyqırım), 112-ci (Beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113-cü (işgəncə), 115.2 , 115.3-cü (müharibə qanunlarını və adətlərini pozma) maddələri ilə təqsirləndirilir”.
“Cinayətkarları məsuliyyətə cəlb etmək mümkün olmayıb”
Ü.Əhmədovun sözlərinə görə, istintaq zamanı 1988-ci ildən etibarən erməni qanunsuz silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində yaşayan Azərbaycan millətindən olan yerli əhalinin qanuni yerləşdiyi yerlərdən məcburi hərəkətlərlə didərgin salınması, yaşayış məntəqələrində dövlət obyektlərində mülkiyyətin talanması və dağıdılması, azərbaycanlı əsir və girovlara dəhşətli işgəncələr verilməsi, onların bir qisminin öldürülməsi və şikəst edilməsi faktı müəyyən edilib. O, qeyd edib ki, ermənilərin törətdikləri adam öldürmə, təxribat, terrorizm və başqa xüsusilə ağır cinayət hadisələri ilə əlaqədar prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərinin istintaq orqanları tərəfindən cinayət işi başlanıb: “Cinayət işində təqsirləndirilən şəxslərə 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Azərbaycan Cinayət Məcəlləsinin 61-ci (diversiya), 70-ci (banditizm), 88-ci (dövlət və ictimai əmlakı talama məqsədilə quldurluq), 94-cü (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 95-ci ( qəsdən adam öldürmə), 145-ci (quldurluq), 207-ci (xuliqanlıq) və digər maddələri ilə müxtəlif vaxtlarda ittiham elan olunub.
Lakin cinayət törətmiş şəxsləri müəyyən edilərək məsuliyyətə cəlb etmək mümkün olmayıb. Buna görə də işin icraatı dayandırılıb. Erməni millətindən olan şəxslərin eyni cinayəti birlikdə törətmələri, eləcə də onlardan eyni şəxsin azərbaycanlılara qarşı bir neçə cinayəti törətməsi ehtimalı nəzərə alınıb. Buna görə də 2004-cü ilin aprelin 12-də Azərbaycan Silahlı Qüvvələrinin əsirlikdə olan hərbi qulluqçuları və Beynəlxalq humanitar hüquqla müdafiə olunan mülki, digər şəxslərlə amansız rəftar etmiş, işgəncələr vermiş şəxslər barəsində cinayət işi ayrılıb. Həmin işə 146 cinayət işi birləşdirilib”.
Ü.Əhmədov vurğulayıb ki, istintaq-əməliyyat qrupunun işinin Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, beynəlxalq hüquq normalarına və Cinayət Məcəlləsinin və Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun həyata keçirilməsini, cinayət işinin hərtərəfli, tam və obyektiv aparılmasını, səmərəliliyini, operativliyini təmin etmək məqsədi ilə müəyyən işlər görülüb: “Cinayət tətbiqi üzrə toplanmış materialların həcminin böyüklüyü, şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxslərin, həmçinin araşdırılmalı olan xüsusatların sayının çoxluğu, eyni zamanda həmin cinayətlərin törədilmə üsul və vasitələri, xarakteri nəzərə alınıb. Buna görə də soyqırımı-deportasiya, işgəncə, işğal nəticəsində dəymiş maddi ziyan və terrorçuluq üzrə 4 əsas istiqamət müəyyənləşdirilib. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətmiş digər şəxslərin müəyyənləşdirilməsi, onların anket məlumatlarının əldə edilməsi və təqsirləndirilən şəxs qismində cəlb olunması istiqamətində işlər davam etdirilir”.
Nərgiz