Azərbaycan Tibb Universitetinin(ATU) Tədris Cərrahiyyə Klinikasının Travmotologiya və Ortopediya şöbəsinin müdiri, Uzman Dr. Phd Cəfər Nəsirli son dövrlər Azərbaycanda da geniş yayılmış “duzlaşma”nın, yəni, artrozun, o cümlədən osteoparoz yaranma səbəbləri barədə məlumat verib.
Teleqraf.com-un məlumatına görə, mütəxəssis xəstəliyin yaranma səbəbləri kimi birinci yerdə düzgün olmayan qida qəbulunun dayandığını bildirib: “İnsanlar o qədər genetik modifikasiya olunmuş, hormonlu qida məhsulları qəbul edir ki, bu da sürətli şəkildə qığırdağın, eyni zamanda metabolizmin pozulmasına gətirib çıxarır. Düzgün qida rejimiinin olmaması, artıq çəki, oynaqlara düşən artıq yükün təsirindən oynaqların yeyilməsinə və bu da artroza, osteoparoza səbəb olur. Bunlar həmçinin bir sıra oynaq xəstəliklləri-revmatizm, revmatoid artritin müxtəlif növləri, hormonal pozğunluqlara gətirib çıxara bilər. Bundan başqa, zamanında həkimə müraciət etmədikdə və müalicə almadıqda, xəstələr özləri müxtəlif ağrıkəsicilərdən istifadə edirlər. Bunun da nəticəsində də artroz yarana bilir”.
Cəfər Nəsirli artroz xəstəliyinə ən çox yaşlı insanlarda rast gəlindiyini desə də, xəstəliyin getdikcə cavanlaşdığını bildirib: “İndi 35-40 yaşlı insanlarda da bu xəstəliyə rast gəlmək olur. Yeni doğulmuş körpələrdə anadangəlmə çıxıqlar olur. İnkişaf etmiş ölkələrdə normalda hər doğulan körpə ortopedik və travmatoloq tərəfindən müayinə olunur. Əgər belə bir problem varsa, çox sadə üsullarla körpənin oynağı yerinə qoyulur və hər hansı bir anatomik pozğunluq meydana gəlmir”.
Xəstəliyin müalicəsinə gəlincə, həkim son illərdə artrozun müalicəsində PRP-üsulundan istifadə etdiklərini deyir: “Xəstənin öz qanından dərman hazırlanır və trombosit kütləsi çox olan kök hüceyrəsi əldə edərək, xəstənin oynaqlarına yeridilir. Bu zaman çox gözəl nəticələr əldə edirik. Kobudlaşmış artrozlarda isə cərrahi üsuldan istifadə olunur. Əməliyyat zamanı pozulmuş bir oynağın yerinə yeni bir oynaq qoyulur və xəstə ağrısız, hərəkətləri normal şəkildə həyatına davam edir”.
Mütəxəssis deyir ki, müalicə və əməliyyatdan sonra xəstələrin diqqət etməsi lazım olan bir çox məqamlar var: “Xəstələr ağırlıq qaldırmamalı və çəkilərini artırmamalarıdır. Çünki, qoyulmuş oynaq xəstəni idarə etməlidir. Bu əməliyyatlardan sonra xəstədə heç bir hərəkət məhdudluğu və ağrı qalmır və onlar normal şəkildə işlərinə davam edirlər”.
Naibə QURBANOVA