22 Aprel 2016 10:39
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 9-dan etibarən AZALJET brendi altında yerinə yetirilən aviareyslərdə bütün sərnişinlərə pulsuz isti yemək veriləcək.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, AZALJET brendi altında yerinə yetirilən aviareyslərdə qidalanma AZAL-ın klassik reyslərindəki analoji menyudan bir qədər fərqli olacaq. AZALJET sərnişinlərinə isti yemək (seçimə görə toyuq və mal əti yeməyi), çörək, şirə, su, çay və ya qəhvə təklif olunacaq. Əgər uçuş səhər yerinə yetirilirsə, o zaman sərnişinlərə səhər yeməyi təklif olunacaq.

Bundan əlavə, sərnişinlərin əvvəlki kimi kassada aviabilet bronlaşdırarkən fərqli və daha yaxşı isti yemək çeşidləri sifariş etmək, eyni zamanda təyyarə göyərtəsində soyuq qəlyanaltı və içki seçmək imkanı olacaq.

Həmçinin mayın 9-dan başlayaraq bütün AZAL və AZALJET aviareyslərində əl yükünün daşınmasına icazə verilən çəkisi 8 kq-dan 10 kq-a kimi artırılacaq. Əl yükünün ölçüləri 55x35x20 sm-dən çox olmamalıdır.

QSC-nin vitse-prezidenti Eldar Hacıyev bildirib: "AZALJET aviareyslərində pulsuz qidalanma və aviaşirkətin bütün reyslərində əl yükünün icazə verilən çəkisinin artırılması barədə qərar sərnişinlər üçün daha da rahatlıq imkanı yaratmaq, həmçinin bu seqmentdə daşımalarımızın rəqabət qabiliyyətinin artırılması məqsədilə qəbul edilib. Bir qayda olaraq, digər aşağı büdcəli aviadaşıyıcılar təyyarə göyərtəsində yeməyi yalnız əlavə ödəniş müqabilində verirlər. Biz sərnişinlərimizə uçuş zamanı maksimum rahat şərait yaratmaq istəyirik və bu istiqamətdəki işi davam etdirəcəyik".

Hazırda AZALJET brendi altında daha çox tələb olunan istiqamətlər üzrə reyslər yerinə yetirilir. Bu istiqamətlərə Moskva, İstanbul, Tbilisi, Sankt-Peterburq, Minsk, Kiyev, Lvov, Tehran, Aktau, Kazan, Mineralnıe Vodı, Ankara kimi şəhərlər, həmçinin Türkiyənin Antalya, İzmir, Bodrum və Dalaman kurortları daxildir.

AZALJET-in reyslərinə aviabiletin qiyməti Bakıdan/Bakıya uçuş olmaqla yuxarıda sadalanan istiqamətlərin hər biri üzrə bir tərəfə 49 avrodan, gediş-dönüş isə 98 avrodan başlayır. Bu məbləğə bütün vergi və yığımlar daxildir.

Qeyd edək ki, bu tarif üzrə təyyarədə yerlərin sayı məhduddur.

AZALJET tariflərinin qaydaları yalnız yuxarıda qeyd olunduğu kimi, çəkisi 10 kq-dək artırılan əl yükünün daşınmasına icazə verir. Hər bir baqaja (23 kq-a qədər) görə ödəniş uçuşdan ən azı 3 saat əvvəl 20 avro təşkil edəcək. Baqaja görə göstərilən vaxtdan gec ödəniş həmin qiymətdən 5 avro baha olacaq.

Həmçinin qeyd edək ki, mayın 9-dan etibarən Dubaya uçuşlar AZAL brendi altında yerinə yetiriləcək və buraya tam çeşidli bort qidalanması və baqajın pulsuz daşınması daxil olacaq.

Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat üçün:

(+99412) 598-88-80

*8880
e-mail: [email protected]


Müəllif:

Oxşar xəbərlər