25 Aprel 2016 14:46
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Boeing 787 Dreamliner təyyarələrinin mühərriklərində aşkarlanan problem GEnx-1B PIP2 model mühərriklərə aiddir və artıq istehsalçılardan bu tip mühərrikli təyyarələri istismar edən aviaşirkətlərə əlavə yoxlamaların aparılmasının zəruriliyi barədə müvafiq göstəriş göndərilib.

“Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, AZAL-ın təyyarə parkına daxil olan hər iki Boeing 787 Dreamliner təyyarələrində quraşdırılan “General Electric” mühərriklərinin seriya nömrəsi texniki qüsurun aşkarlandığı mühərrik kateqoriyasına daxil deyil.

Buna baxmayaraq, AZAL-ın mühəndis-texniki heyəti “General Electric” və “Boeing” şirkətləri ilə bu məsələyə dair məsləhətləşmələr aparır və lazım gələrsə hava gəmilərinin mühərriklərində əlavə işlər görüləcək.

Şirkətdən, həmçinin bildirilib ki, bütün növ hava gəmilərinin aparılan müntəzəm texniki yoxlamaları və auditlər normal istismar zamanı onların təkmilləşdirilməsinə dair bəzi tövsiyələr tələb edə bilər. Dünya praktikasına görə bununla bağlı istehsalçılar tərəfindən əlavə servis bülletenləri buraxılır.

Boeing 787 Dreamliner ən müasir sərnişin təyyarələrindən biridir. 250-dən çox bu tipli təyyarələr dünyanın 29 ölkəsində 30-dan çox aviaşirkət tərəfindən istismar olunur. Bu tipli təyyarənin ümumi uçuş müddəti 3 milyon saatdan çoxdur.


Müəllif:

Oxşar xəbərlər