Şamaxıda müəllimi tərəfindən seksual xarakterli hərəkətlərə məruz qalaraq 7 aylıq hamilə olan qızın atası danışıb.
Teleqraf.com ölkə.az-a istinadən yeddi aylıq hamilə olan şagirdin atası Nəsimi Əliyevin (ad şərtidir) müsahibəsini təqdim edir:
- Nəsimi bəy, məlum məsələ ilə bağlı haralara müraciət etmisiniz?
- Polis, prokurorluq, məhkəmə, Prezidentə, ölkənin birinci xanımı Mehriban Əliyevaya, Dövlət Təhlükəsizlik xidmətinin rəhbəri Mədət Quliyevə, daxili işlər naziri Ramil Usubova, Respublika prokuroruna müraciət etmişəm.
- Sizin əsas tələbiniz nədir? Bu oğlanın həbs olunmağını istəyirsiniz, yoxsa qızınızla ailə qurmağını?
- Lazımi yerlərə sözümü demişəm. Ona ağır ciddi cəza verilməsə, özüm onu öldürəcəyəm.
- Qızınız indi haradadır?
- Bibisigildədir.
- Əvvəldən bu müəllimi tanımısınız?
- Hamı kimi mən də balamı məktəbə yollamışam.
- Orada göstərilir ki, yeddi aylıq hamilədir. Bu dövrə qədər siz bunu hiss etməmisiniz?
- Heç kim hiss etməyib. Kim istəyər ki, balası bu yola gəlib çıxsın.
- Amma hər halda yeddi aylıq hamiləliyi hiss etmək olardı. Bu qızdan savayı neçə övladınız var?
- Evdə xəstə anamdır, iki balaca övladım da var.
- Bu söhbətin üstü açılandan sonra qızınızı görmüsünüz?
- Anası görüb, mən yox. Anası dünən gəlib yanından.
- Oğlan desə ki, bu xanımla ailə qurmaq istəyirəm, bağışlayarsınızmı?
- Xeyr, o, mənim düşmənimdir. Onun atası və qohum-əqrəbası gəldi. Bizim başımızı yastığa qoydular ki, yoldaşını boşayıb, bu qızı alacaq. Mən də maraqlandım, arvadı da yanındadır, uşaqları da.
- Bu müəllimin neçə yaşı var?
- Otuzdan yuxarı olmalıdır.
- Şamaxıdandır, yoxsa, təyinatla gəlib?
- Qapı bir qonşumdur bu biqeyrət. Aramızda bir ev var. Çox pis ailədirlər.
- Atasıgil gəlmişdilər ki, guya qızınızla ailə quracaq?
- Yalandan gəlib ağlayıb, başımı yastığa qoyurdular. Amma yalan deyirmiş. Mən də nə zülmlə bala böyütmüşəm. İnsanın namusuna toxunmaq bilirsiniz də nə deməkdir?
- Aydın məsələdir. Ekspertiza rəy verib ki, qız bakirədir.
- Onu pulla elətdiriblər. Bu barədə də lazımi orqanlara şikayətimi vermişəm.