"Azərbaycan-Türkiyə münasibətləri güclənərək, "bir millət iki dövlət" prinsipləri əsasında davam edəcək". Trend-in xüsusi müxbirinin məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatlarla çıxışında deyib.
Türkiyə Prezidenti qeyd edib ki, Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə keçirdiyi görüşdə iqtisadi, ticari, siyasi, mədəniyyət, xarici siyasət və bir çox sahələrdə əməkdaşlığı müzakirə edib: "Azərbaycan-Türkiyə qardaşlığının zirvəsi Dağlıq Qarabağ probleminin həlli məsələsidir və bu məsələ hər zaman olduğu kimi, gündəmimizin ən önəmli maddələrindən biridir".
R.T.Ərdoğan qeyd edib ki, digər önəmli məsələlərdən biri də iki ölkə arasında olan enerji layihələridir.
Onun sözlərinə görə, Azərbaycanın son illərdə əldə etdiyi yüksək inkişaf və iqtisadi sıçrayış dünya tərəfindən heyranlıqla izlənilir: "Qardaş Azərbaycandakı inkişaf bizi də sevindirir, çünki qardaşların güclənməsi gələcəyə olan ümidimizi də artırmaqdadır".
Ərdoağan qeyd edib ki , Azərbaycan və Türkiyənin ticari hədəfləri də var və hər iki ölkə bu hədəflərə çatacaq.