Konstitusiyamızın qəbulundan 19 il ötür
Bu gün Azərbaycanın əsas qanununun - hal-hazırda qüvvədə olan Konstitusiyanın qəbul edilməsinin 19-cu ildönümü tamam olur.
Qeyd edək ki, hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilib. Bu, Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonrakı ilk konstitusiyası idi. Azərbaycanın birinci Konstitusiyası isə 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da, müəyyən özünəməxsusluğa malik idi. Məhz bu konstitusiyaya milli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR ərazisində dövlət dilinin Azərbaycan dili olmasına dair müddəa daxil edilmişdi. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra isə yeni konstitusiya layihəsi üzərində ciddi iş başlandı.
1994-cü ildə Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu. Konstitusiyaya ilk əlavə və dəyişiklik 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 18 mart 2009-cu ildə referendum yolu ilə edilib. 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-si Konstitusiya günü elan edilib.
"Konstitusiyamızın memarı ulu öndər Heydər Əliyevdir"
Bu tarixi günlə bağlı söhbətləşdiyimiz Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib ki, Azərbaycan Konstitusiyasının memarı, yaradıcısı və rəhbəri ulu öndər Heydər Əliyevdir. O qeyd edib ki, müstəqil Azərbaycanın Konstitusiyası birbaşa və şəriksiz olaraq ulu öndərin adı ilə bağlıdır:
"Hər bir dövlətin müstəqilliyi həm də onun Konstitusiyası, Ana Yasası ilə müəyyən olunur. Bundan əvvəl Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilmişdi. Lakin 1995-ci ilədək Azərbaycan müstəqil dövlət olsa da, onun müstəqil konstitusiyası olmadığı üçün cəmiyyətdaxili bir çox məsələlər köhnə konstitusiya ilə və qəbul edilmiş bəzi qanunvericilik aktları ilə tənzimlənirdi. Ulu öndərin Azərbaycan qarşısında ən böyük xidmətləri təkcə müstəqilliyimizi kataklizmlərdən xilas etməkdən, onu qoruyub saxlamaqdan və möhkəmləndirməkdən ibarət olmayıb, həm də Azərbaycanın dünyəvi, hüquqi dövlət quruculuğunda göstərmiş olduğu müstəsna xidmətlərdən ibarət olub. Milli lider siyasi hakimiyyətə gəldikdən dərhal sonra yeni konstitusiya layihəsinin hazırlanması ilə bağlı müvafiq tapşırıqlar və göstərişlər verildi və bütün bunlardan sonra ölkə prezidentinin rəhbərliyi ilə xüsusi komissiya yaradıldı. Komissiyanın yaradılması ilə Azərbaycanda müstəqil dövlətimizin Ana Yasası deyilən Konstitusiyamızın hazırlanması prosesi başladı. Mən yaxşı xatırlayıram ki, ölkə prezidenti dəfələrlə həmin komissiyanın iclaslarını keçirir və konstitusiyada öz əksini tapacaq bütün fəsillərin, müddəaların ayrı-ayrılıqda müzakirəsini təşkil edir, çox böyük səbirlə komissiya üzvlərinin fikirlərini dinləyirdi".
"Bu müddəaya ittifaqın cəmi 5-6 respublikasında təsadüf edilirdi"
F.Ağamalı qeyd edib ki, bundan sonra konstitusiyamızda bir sıra əlavə və dəyişikliklər edilib. Müsahibimiz qeyd edib ki, bunlar təkmilləşməyə xidmət edən əlavə və dəyişikliklərdir: "Heydər Əliyev hansı cəmiyyətdə - istər kommunist rejimi dövründə, istərsə də Azərbaycan Milli-Azadlıq Hərəkatının başladığı sonrakı mərhələlərdə hər zaman Azərbaycanın müstəqilliyi üçün bütün ruhu, bütün varlığı ilə çalışan, mübarizə aparan tarixi şəxsiyyətdir. Ulu öndərimiz Dövlət Təhlükəsizlik Komitəsində işləyəndə də, Mərkəzi Komitənin birinci katibi olanda da Azərbaycanın müstəqilliyi, onun gələcəyi üçün düşünən və bu yolda addımlar atan, bu istiqamətdə düşünən ziyalıları qoruyan, onları himayə edən bir tarixi şəxsiyyət kimi də yaddaşlarda qalıb. Xatırlatmaq lazımdır ki, ulu öndərimizin böyük səyləri, əməyi, zəhməti və gərgin mübarizəsi nəticəsində hələ 1978-ci ildə - SSRİ zamanında qəbul edilmiş Azərbaycan SSR-in konstitusiyasında Azərbaycan dilinin dövlət dili olduğu öz əksini tapdı. Bu, çox nadir təsadüf edilən və vaxtilə 15 müttəfiq respublika arasında cəmi 5-6 respublikanın konstitusiyasında təsbit edilən bir müddəa idi. Digər sahələrdə olduğu kimi Azərbaycan Konstitusiyasının, müstəqil Azərbaycan dövlətinin Ana Yasasının, Ana Qanununun qəbul edilməsi sahəsində düşüncələrini ulu öndər müstəqilliyimizdən hələ xeyli əvvəl öz baxışları sistemində formalaşdırmışdı və saxlayırdı. Əlbəttə, Heydər Əliyev birmənalı şəkildə deyirdi ki, zaman gələcək Azərbaycan öz dövlət müstəqilliyinə çatacaq. Müstəqillik illərində hansı addımları atmaq, konstitusiyanı qəbul edərkən hansı müddəaları ora salmaq lazımdır və sair məsələlər hamısı Heydər Əliyevin yaddaşında kodlaşdırılaraq necə deyərlər, səhifələnmişdi. Və Heydər Əliyev hakimiyyətə gəldikdən sonra yaddaşında səhifələnmiş, yaddaşında həkk olunmuş bütün bu baxışlar sistemini, eyni zamanda, Azərbaycanın ali qanunvericilik sənədi, aktı olan konstitusiyaya əlavə etdi və beləliklə, biz təkmil, yüksək səviyyədə hazırlanmış, cəmiyyətimizin idarə olunmasının bütün tərəflərini özündə ehtiva edən müasir konstitusiyamızı qəbul etdik və buna görə də ulu öndərimizə hər zaman minnətdarıq".
"Heydər Əliyev mərkəzin müqavimətini qırdı"
Millət vəkili, professor Musa Qasımlı isə bildirib ki, 12 noyabr 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının ümumxalq referendumu yolu ilə qəbul edilməsi müstəqil dövlətçilik tariximizin ən parlaq hadisələrindən biridir. O qeyd edib ki, 1991-ci ildən sonrakı illərdə Azərbaycan mustəqil dövlət olsa da, hələ də Azərbaycan SSR Konstitusiyası qüvvədə idi: "Yeni Konstitusiyanın qəbul edilməsi ilə ölkəmizdə dövlət quruculuğu, dövlətin əsasları, vətəndaşların əsas hüquq və azadlıqları, dövlət hakimiyyəti və sair məsələlər təsbit edildi. Ölkəmizin tarixində yeni bir mərhələ başladı".
Konstitusiyanın qəbulu prosesindən bəhs edən M.Qasımlı deyib ki, ilk növbədə ümummilli lider Heydər Əliyevin sədrliyi altında Konstitusiya komissiyası yaradılıb: "Komissiya layihəni hazırladıqdan və geniş müzakirələrdən sonra ümumxalq müzakirəsinə verildi. Həmin gün, həmçinin müstəqil Azərbaycan Respublikasının Milli Məclisinə ilk seçkilər keçirildi. Bununla da ölkədə yeni bir şərait yarandı".
Milli lider Heydər Əliyevin Azərbaycan Konstitusiyasının qəbulundakı rolunun nədən ibarət olmasına toxunan millət vəkili qeyd edib ki, Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bilavasitə bağlıdır: "Konstitusiyanın memarı ulu öndər Heydər Əliyev oldu. Məhz onun ideyaları və baxışları konstitusiyanın hazırlanmasında mühüm rol oynadı. Komissiya iclaslarında dövlət dilinə və digər məsələlərə dair keçirilən müzakirələr bunu aydın şəkildə göstərdi".
Milli lider Heydər Əliyevin 1978-ci ildə Azərbaycan SSR-nin Konstitusiyasının qəbul edilməsindəki rolu, xüsusən həmin konstitusiyada dövlət dilinin Azərbaycan dili adlandırılması ilə bağlı xidmətlərinə nəzər salan M.Qasımlı bildirib ki, 1978-ci ildə Azərbaycan SSR Konstitusiyası layihəsinə Azərbaycan SSR-də dövlət dilinin Azərbaycan dili olması haqqında maddə mərkəzin hökmü ilə salınmamışdı: "Lakin Heydər Əliyev mərkəzin müqavimətini qətiyyətlə qırdı. Layihədə olan "Azərbaycan SSR ərazisində SSRİ qanunları hakimdir" ifadələri çıxarıldı, onun əvəzinə Azərbaycan dilinin Azərbaycan SSR-də dövlət dili olması haqqında maddə daxil edildi. Bu, Heydər Əliyevin böyük uğuru, ana dilimizə sevgisinin və qayğısının nümunəsi idi. Heydər Əliyev, eyni zamanda, Gürcüstan SSR rəhbəri Eduard Şevardnadzeyə də dil ilə bağlı məsələdə necə hərəkət etmək barədə tövsiyələrini vermişdi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da Heydər Əliyev dövlət dilimiz haqqında bir sıra sənədləri imzaladı".
"Xalqın istəyi ilə Konstitusiyaya dəyişikliklər edilə bilər"
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayevin sözlərinə görə, Azərbaycan Konstitusiyası ulu öndər Heydər Əliyevin ölkəmizlə bağlı fikirlərini, düşüncəsini əks etdirən, həyata keçirən bir layihədir. Deputat qeyd edib ki, Azərbaycan ölkənin ən ali qanununun bazası əsasında yaradılmış qanunlar əsasında inkişaf edir: "Ulu öndər Heydər Əliyev hər zaman Azərbaycanın uğurları, onun mənafeyi üçün çalışıb. Hər zaman da Azərbaycanın, Azərbaycan dilinin təbliği üçün bütün imkanlarından istifadə edib. Hələ sovetlər dönəmindən Heydər Əliyevin Azərbaycan qarşısında çox böyük fəaliyyəti olub və biz hamımız bunların şahidiyik".
R.Rzayev qeyd edib ki, konstitusiya ölkənin ən ali qanunu olmaq etibarilə həm də işlək bir qanundur və mütəmadi olaraq xalqın özünün istəyi ilə ona dəyişikliklər edilə bilər: "Azərbaycan Konstitusiyası da bu istiqamətdə həqiqətən də, lazım olan məsələləri həll edə bilib. Ona görə də mən Ana Yasamıza 2002 və 2009-cu illərdə edilən dəyişikliklərdə qeyri-adi heç nə görmürəm. Düşünürəm ki, Konstitusiyamız ali qanun olduğu kimi həmişə inkişaf edəcək. Həmçinin, xalqımıza, Azərbaycana gələcək inkişaf prosesində lazım olan bütün məqamlarda Konstitusiyamız öz rolunu oynayacaq".
Səxavət HƏMİD