22 İyul 2014 12:07
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

ADP sədri: "Əli Kərimlinin müavini məndən üzr istədi"

"AXCP sədrinin müavini Razi Nurullayev zəng edərək məndən üzr istədiyini bildirdi. Dedi ki, olan hadisəyə görə, üzrxahlıq edir. Mən də dedim ki, baş verən hadisəyə görə nə incimişəm, nə də küsmüşəm. Guya orada nə olub? Gənclərə "tarixinizə sahib çıxın, Azərbaycan tarixi ancaq Rəsulzadədən və Elçibəydən ibarət deyil" demək bəyəm pis haldır?".

Bunu ADP sədri Sərdar Cəlaloğlu deyib. O, əlavə edib ki, əslində AXCP sədri Əli Kərimli Azərbaycan Xalq Cəbhəsinin 25 illik yubileyində hesabat xarakterli çıxış etsəydi, AXC-nin tarixi, qələbəsi və s. məsələləri şərh etsəydi, mən ümumiyyətlə təbrik edib aşağı düşərdim. Amma Əli Kərimli mitinqdə etdiyi çıxışlardan birini etdi. Xalq hərəkatından ümumiyyətlə heç nə danışmadı. Bu səbəbdən də, mən Azərbaycanda xalq hərəkatının necə yaranması, bunun tarixi köklərinin haradan gəldiyi, bunun mərhələləri və s. haqda danışdım, tariximizin daha qədim olduğunu dedim, onlar da başladılar fit çalmağa. Mən də buna baxıb təəssüf elədim".

Cəlaloğlu deyib ki, onun AXCP-yə münasibəti indiyə qədər necə olubsa, bundan sonra da elə olacaq: "Mən onların kim olduğunu bilə-bilə onların tədbirinə gedir, onların da nə edəcəyini bildiyim təqdirdə çıxış edirəm. Bu ilk dəfə deyil. Buna qədər mən bilirdim ki, bu adamlar qaragüruhçudur, intellektual səviyyə aşağıdır, başqa fikrə dözümsüzlük var, hərəkatçılıq ruhundan azad olmayıblar, müasir dünyada gedən prosesləri dərk edə bilmirlər, çağdaş siyasi ruhdan uzaqdırlar. Onlar nə qədər xalq desələr də, əslində xalqın tarixi və mədəniyyətinin müdafiəsini deyil, öz şəxsi mənafelərini güdürlər".

Sərdar Cəlaloğlu əlavə edib ki, AXCP sədrinin müavini Razi Nurullayev Əli Kərimlinin deyil, özünün adından ondan üzr istəyib: "Mən belə anladım ki, o, şəxsi təşəbbüs göstərərək bu addımı atıb. Məndə bunu təqdir etdim, eyni zamanda bildirdim ki, məndən nahaq üzr istəyirsiniz, ortada üzür istəməli bir şey yoxdur. Çünki bu AXCP üçün xarakterik bir şeydir. Onlar həmişə belə olublar. Nəzərə alın ki, mən bu təşkilatın Naxçıvan təşkilatını yaradanlardan biri olmuşam. 1990-cı ildə mənim yazdığım məqalələr və apardığım işlərlə 25 il sonra bunların etdiyi çıxışlara baxın. Baxın görün mən 1990-cı ildə harada idim, bunlar 25 ildən sonra haradadırlar. Əlbəttə, AXC-nin yaradıcılarından biri mən olmuşam. Həmin vaxt biz cəbhədə maarifləndirmə işinin aparılmasını qaldırmışdıq. 1990-cı ildə məni AXC-dən qovanda Əbülfəz Elçibəy dedi ki, bu qaragüruhçuluqdur, sizlər məhv olursunuz, çıxın siyasi partiya yaradın, mən ona görə çıxmıram ki, bunlar həm özləri, həm də millət üçün təhlükəlidir. AXC AXCP-yə çevrilsə də, qaragüruhçu əhval-ruhiyyə Azərbaycanda dəyişmədi. Həmin əhval-ruhiyyə davam edir. Bunlar anlamırlar ki, inqilablar öz ruhunu inqilabdan sonra da yaşayırsa, məğlubiyyətə məhkumdur. AXC anlamır ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra yeni siyasi kurs, davranış, mədəniyyət götürülməlidir. Mən bunlara üsul öyrədirəm. Sənin liderin səni qələbəyə apara bilmir. Bir o qədər adamı başına toplayıb, çoxlu imkan və şəraiti var. Amma getdikcə təşkilatı dağılır, özü isə geri gedir. Mən izah edirəm ki, biz müxalifət olaraq nə etməli, hansı addımları atmalıyıq. Bunlar da durub fit çalır. Dərrakəyə baxın. Mən həkiməm. Biz balaca uşaqları müalicə edəndə maraqlı olay yaşanırdı. Uşağa iynə vurmaq, dərman vermək istəyəndə həkimin əlini az qala cırmaqlayırdı. AXCP-də elə bu cürdür. Sən ona yardım etmək, sağaltmaq istəyirsən, amma bunun əvəzində başlayır əl-ayağını cırmaqlamağa".

Cavidan


Müəllif: