23 Yanvar 2019 17:44
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda qəsdən yanğın törədən dəstənin daha bir üzvü həbs edilib.

Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Polis idarəsi 42-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbəsindəki evlərdən birini yandırmaqda şübhəli bilinən qrupun üzvü, Bakı şəhər sakini Kamran Vəliyev də saxlanılıb.

Qeyd edək ki, yanvarın 20-də Maştağa qəsəbəsindəki evlərin birinin yandırılması barədə Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsinə müraciət daxil olub.

Müraciətlə əlaqədar polis əməkdaşları müvafiq araşdırma aparıblar və həmin gün saat 20 radələrində evin qəsdən yandırıldığı müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 186-cı (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə cinayət işi başlanılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Maştağa qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar Həsənağa Ələkbərov və onun qardaşı Cəlalət, qəsəbə sakini Hüseyn Novruzov və Şüvəlan qəsəbə sakini Zaur İsayev müəyyən edilərək saxlanılıblar.

Şəxsi axtarış zamanı Həsənağa Ələkbərovdan kustar üsulla hazırlanmış bıçaq aşkar edilərək götürülüb.

İstintaq və əməliyyat tədbirləri aparılır.


Müəllif: Hacı Zeynalov