1 Sentyabr 2014 14:15
2 441
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün İraqda baş verən hadisələr, türkman əsilli soydaşlarımızın İŞİD silahlıları tərəfindən terrora məruz qalması bu məsələyə diqqəti artırıb. Xüsusilə ölkəmizdə türkmanlara dəstək şüarları səsləndirilir, tədbirlər keçirilir, bəyanatlar verilir. Lakin bütün bunlar yetərli deyil”.


Publika.az-a açıqlamasında bu sözləri “Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri Ceyhun Ələkbərov Azərbaycan mənşəli İraq türkmanlarının İŞİD zülmündən əziyyət çəkməsi haqda danışarkən bildirib.


Onun sözlərinə görə, artıq sözdən əmələ, danışıqlardan fəaliyyətə keçmənin zamanıdır. C.Ələkbərov deyib ki, bölgədə baş verən mühüm geostrateji proseslər kontekstində yaşanan bu acı durumdan ən çox zərərçəkən məhz türkmanlardır.

“Bu gün bölgənin xəritəsi süni olaraq dəyişdirilir, bu vaxta qədər heç bir siyasi çəkisi və hərbi qüvvəsi olmayan İŞİD indi təhlükəli təşkilata çevrilərək bölgə dövlətlərini təhdid edir. Hansısa böyük dövlətlər burada öz istəklərinə çatırlar, lakin zərər çəkən, qətliama məruz qalan dinc əhali olur. Bölgə əhalisİni məzhəb savaşına sürükləmək istəyən qüvvələr vardır. Türkmanlar doğma yurd-yuvalarından didərgin salınıb. Biz istəyirik ki, bu insanlara gücümüz çatan qədər maddi və humanitar yardım göstərək. Öndə isə özümüz olacağıq. Düşünürəm ki, türk dünyasının, yurdundan zorla çıxarılmış hansısa insanın, körpə uşağın yaşaması üçün bu addım atılmalıdır”.

C.Ələkbərov bir Xocalı sakini kimi türkmənlərin yaşadıqlarını daha yaxşı anladığını bildirərək onlara dəstək olmağın vacibliyini bildirib: “Təşkilatımızla birlikdə yardım kampaniyasına başlamaq qərarına gəldik. İyirmi birinci əsrdə Kərkükdə türkman qardaşlarımızın yurdlarından qovulması, acından ölməsi bu dünya üçün utancvericidir. Bu günlərdə Dünya Azərbaycanlıları Konqresi ilə birgə təşkil etdiyimiz tədbirin də əsas məqsədi bu idi ki, həm Azərbaycan, həm də türk dünyası olaraq türkman qardaşlarımızın fəryadına diqqətsiz qalmayaq”.

Asif


Müəllif: