9 Sentyabr 2014 18:00
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlahət İbrahimqızı: “NATO-nun zirvə sammitinin yekun sənədində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinin öz əksini tapması diplomatik qələbəmizdir”

“Uelsdə keçirilən NATO-nun zirvə sammtinin yekunları ölkəmizin uğurudur. Xüsusilə, sammitin yekun sənədində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinin öz əksini tapması diplomatik qələbəmizdir”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri yap.org.az saytına Azərbaycanın NATO Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, bu diplomatik uğur prezident İlham Əliyevin böyük dövlət xadimi olaraq həyata keçirdiyi xarici siyasət nəticəsində qazanılıb. Onun sözlərinə görə, dövlət başçısı sammitdə çıxışı zamanı Azərbaycan-NATO əlaqələrinin əhəmiyyətini xüsusi vurğulayıb.

“Eyni zamanda, prezidentimiz çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, torpaqlarımızın işğal olunması və bunun nəticəsində bir milyondan çox insanın qaçqın-köçkün vəziyyətinə düşməsi ilə bağlı faktları bir daha qeyd etdi. Dövlət başçısı bir daha münaqişənin həlli ilə əlaqədar Azərbaycanın prinsipial, beynəlxalq hüquqa əsaslanan mövqeyini ifadə etdi. Faktlar da bunu göstərir ki, Ermənistan həm də beynəlxalq hüquqa təcavüz edib. Bilirsiniz ki, NATO-nun Çikaqo sammitində də Azərbaycanın ərazi bütövlüyü dəstəklənmişdi. Amma bu dəfə məsələ daha konkret şəkildə ifadə olunub. Sammitin yekun bəyannaməsinin 31-ci bəndində qeyd edilir ki, münaqişənin həllində 1975-ci ildə qəbul olunmuş Helsinki Yekun Aktının prinsipləri əsas götürülməlidir. Bu o deməkdir ki, münaqişə beynəlxalq hüquq əsasında, o cümlədən BMT Nizamnaməsi və Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə əsasında həll olunmalıdır” – deyə, M.İbrahimqızı vurğulayıb.

Deputat qeyd edib ki, sammitin sənədlərinin layihəsi müzakirələr əsasında əvvəlcədən hazırlanır. Onun sözlərinə görə, yekun sənəddə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəndin olmaması üçün Ermənistan və erməni lobbisi çox çalışsa da, buna nail ola bilməyib: “Çünki artıq işğalçı dövlət Azərbaycanın hücum diplomatiyasının qarşısında acizdir. Təbii ki, NATO-Azərbaycan əməkdaşlığının, ölkəmizin digər təşkilatlarla fəal əlaqələri də burada öz sözünü dedi. Xüsusilə prezident İlham Əliyevin qətiyyətli siyasəti diplomatik qələbələrimizin əsasını təşkil edir. Artıq bu sənədlərin qəbul olunması işğalçı Ermənistanın özünə bəraəti üçün heç bir yer qoymur. Hesab edirəm ki, qəbul olunan belə sənədlər Dağlıq Qarabağ probleminin ədalətli həllini daha da yaxınlaşdırır”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər