Qüdrət Həsənquliyev: “Başqanlığa namizədlər iqtidara bağlı adamlardır”
“Kimin başqan seçilməsindən asılı olmayaraq, iqtidarla Müsavat əməkdaşlıq edəcək. Düşünürəm ki, real namizədlər iqtidara bağlı adamlardır”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev Müsavat Partiyasının sentyabrın 27-nə nəzərdə tutulan qurultayına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Müsavat Partiyası İsa Qəmbərin ətrafında, onun liderliyi ilə yaranıb: "Bu partiyada İsa Qəmbərə ciddi alternativ yoxdur ki, cəmiyyət onu qəbul eləsin. Partiyalar və mətbuat, o cümlədən iqtidar mənsubları bu məsələyə xüsusi diqqət ayırırlar. Onlar Müsavatın lobbiçiliyi ilə məşğuldurlar. Deyə bilərəm ki, Müsavat Partiyasını diriltmək çətin olacaq. Çünki partiya daxilində demokratiya yüksək səviyyədə olmayıb. Ümumiyyətlə, ölkədə siyasi mədəniyyət arzuladığımız səviyyədə deyil. Bu baxımdan Müsavatdakı proseslər ağrılı keçəcək. Kim başqan seçiləcəksə, o da iqtidarla yaxından əməkdaşlıq edəcək. Artıq İsa Qəmbərin AXCP ilə girdiyi radikallıq yarışına da son qoyulacaq. Kimin başqan seçilməsindən asılı olmayaraq, iqtidarla Müsavat əməkdaşlıq edəcək. Müsavat iqtidarla sıx əməkdaşlıq şəraitində öz mövcudluğunu qoruyub saxlayacaq”.
Kəmalə