Gülağa Aslanlı: “Kiminsə sosial şəbəkədə arzusunu bildirməsinin bizə aidiyyəti yoxdur”
Müsavat Partiyasının qurultayı haqqında maraqlı xəbər əldə etmişik. Bu haqda məlumatı verən şəxs partiyanın rəhbərliyində təmsil olunsa da, adının açıqlanmasını istəməyib.
Onun sözlərindən belə çıxıb ki, indiki başqan İsa Qəmbərin Almaniyada yaşayan qardaşı Rövşən Qəmbər də başqan olmaq niyyətinə düşüb.
Mənbə deyib ki, Rövşən Qəmbər hətta partiyaya ərizə ilə müraciət edib, ancaq onun ərizəsi qəbul olunmayıb.
Səbəb kimi bu şəxsin Müsavat Partiyasının üzvü olmaması göstərilib. Digər mənbə isə hətta Elman Mustafazadənin də namizədliyini irəli sürəcəyini ifadə edib. Digər müsavatçılar da bu xəbəri təkzib etməyiblər. Ancaq iş ondadır ki, partiya rəhbərliyi bu haqda daha çox susmağa üstünlük verib.
Müsavat Partiyası başqanının müşaviri, qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü və başqanlığa qeydiyyat alınma qrupunun rəhbəri Gülağa Aslanlı deyir ki, indiyə qədər yalnız 4 nəfərin başqanlığa namizədliyi qeydiyyata alınıb. Onun sözlərinə görə, sentyabrın 17-də başqanlığa namizədliyin qeydə alınması tarixi başa çatıb. İndi artıq heç kim başqanlığa namizədliyini irəli sürə bilməz.
G.Aslanlı bildirib ki, indiyə qədər namizədliyini irəli sürüb başqanlığa namizədliyi qeydə alınmayan şəxs yoxdur: “Rövşən Qəmbər Müsavat Partiyasının üzvü deyil. Bu səbəbdən də başqanlığa namizədliyini irəli sürə bilməz. Onun ərizəsi qeydə alınma qrupuna daxil olmayıb. Elman Mustafazadə adlı şəxs də bizə müraciət etməyib. Yalnız dörd ərizə daxil olub. Əgər kimsə Facebook-da və ya digər ünvanda belə bir arzusunu bildiribsə, bunun bizə heç bir aidiyyəti yoxdur. Bizə 4 ərizə daxil olub, onların hər biri də qeydiyyata alınaraq namizəd olublar. Bunlardan başqa qeydiyyat qrupuna ərizə verən olmayıb”.
G. Aslanlı deyib ki, Bakı Şəhər İcra Hakimiyyətinin onlara təklif etdiyi yerə uyğun olaraq S.Bəhlulzadə adına Mədəniyyət Mərkəzinin rəhbərliyi ilə danışıq aparıblar: “Oradan bizə bildirdilər ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi ilə müqaviləni razılaşdırmalıyıq. İndi biz bu quruma müqavilənin şərtlərini öyrənmək üçün müraciət etmişik. Müqavilə şərtlərini qəbul etdikdən sonra bu haqda son qərarımızı verəcəyik”.
Gülağa Aslanlı onu da bildirib ki, təşviqat dövründə partiyanın müvafiq qurumuna bir şikayət ərizəsi daxil olub: “Seçki kampaniyası dövründə davranış normaları sənədi qəbul edilib. İndiyə qədər bu davranış normaları yayılıb və təşviqat aparanlar da bunu bilirlər. Namizədlərin özləri hələ bu halın pozulmasına rast gəlməyib, bu haqda rəsmi şikayət daxil olmayıb. Ancaq namizədlərin tərəfdarları bəzən belə hallara yol verir. Biz də çalışırıq ki, onların qarşısını alaq və hər kəs etik normalara riayət etsin. İndiyə qədər yalnız bir rəsmi şikayət daxil olub. Bu şikayətə baxılıb və həmin şəxs haqda tədbirlər görülmək üçün müvafiq rayon təşkilatına göndərilib. Ancaq bu şəxsin hansı namizədin tərəfdarı olduğunu mətbuata açıqlamağa lüzum görmürük. Hesab edirik ki, bu o qədər də əhəmiyyətli məsələ deyil. Hər halda belə bir fakt qeydə alınmayıb”.
Cavidan