24 Sentyabr 2014 12:55
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Seçki kampaniyası çox uğurla gedir. Təkcə Müsavat Partiyasının üzvləri deyil, bütün cəmiyyət bu proseslə maraqlanır. Biz ciddi seçki kampaniyası aparır, seçicilərlə görüşür, platformamızla cəmiyyəti tanış edirik”.

Bunu Müsavat Partiyasının başqanlığa namizədi Arif Hacılı partiyada qurultay öncəsi durumu şərh edərkən deyib.

Bununla belə Arif Hacılı başqanlığa dörd namizədin şanslarını qiymətləndirməkdən imtina edib: “Bir neçə gündən sonra hər şey aydın olacaq. Ona görə də, proqnozlar verməklə yeni müzakirələrə səbəb olmaq istəmirəm”.

Arif Hacılı ötən gün 35 nəfər tanınmış Müsavat Partiyası funksionerinin Qubad İbadoğlunu dəstəkləyən bəyanat yaymasına da münasibət açıqlayıb:

“Bu seçki kampaniyasıdır, bütün namizədləri müdafiə edən partiya üzvləri var. Əminəm ki, məni müdafiə edənlərin sayı qat-qat çoxdur. Ancaq bütün suallara üç gündən sonra, qurultayda aydın cavab veriləcək. Səsvermə çox demokratik və şəffaf şəkildə keçiriləcək. Elə bir səsvermə təşkil olunacaq ki, Müsavata düşmən olan adamlar bu seçkilərin nəticəsini şübhə altına ala bilməyəcək”.

Hacılı qurultaydan sonra özü üçün yeni partiya yaradacağı haqda səsləndirilən iddialara da cavab verib: “Bu sadəcə olaraq Müsavat Partiyasını sevməyənlərin arzusudur. Mən 25 ildir ki, peşəkar siyasi fəaliyyətlə məşğulam və Müsavatdayam. Mənim ayrıca partiya yaradacağım, prezidentliyə namizədliyimi irəli sürəcəyim haqda dəfələrlə mətbuatda fikirlər səsləndirilib. Bu, adətən, bizim opponentlərimizin fikirləridir. Mən öz platformamda da qeyd etmişəm. Bugün də bir daha qeyd edirəm ki, mənim siyasi fəaliyyətim daima Müsavat Partiyası ilə bağlı olacaq”.

Sonda Arif Hacılı deyib ki, Müsavatın qurultayı Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Mərkəzində keçiriləcək və artıq bu haqda qərar verilib.

Nemət


Müəllif:

Oxşar xəbərlər