Şəki şəhər rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən elektrik kabelləri oğurlayan və yeniyetməni müxtəlif vədlərlə cinayətkar fəaliyyətə cəlb edən şəxs saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Rayon sakinləri onlara məxsus yeni tikilməkdə olan evlərdən ümumi dəyəri 3 000 manata yaxın olan elektrik kabellərinin oğurlanması barədə polisə müraciət ediblər.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməllərini törətməkdə şübhəli bilinən Şəki şəhər sakini İlham Məhərrəmov və bir nəfər yeniyetmə saxlanılıb.
İlkin araşdırma zamanı məlum olub ki, İlham Məhərrəmov dostunun oğlu olan həmin yetkinlik yaşına çatmayan şəxsə müxtəlif vədlər verərək onu da özünə “ortaq” edib.
Saxlanılan şəxslər ifadələrində oğurladıqları kabelləri metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər.
Onların cinayətdə istifadə etdikləri alətlərin bir qismi polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 170-ci (Yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə) və 177-ci ( oğurluq) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.Məhkəmənin də qərarı ilə İlham Məhərrəmov barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, may ayının əvvəllərində də İlham Məhərrəmov analoji oğurluq hadisəsinə görə saxlanılıb və ilk dəfə cinayət törətməsi, eləcə də əməlini səmimi etiraf etməsi nəzərə alınaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Lakin o, bundan nəticə çıxarmayaraq barəsində seçilmiş qətimkan tədbirini kobudcasına pozub və eyni məzmunlu yeni cinayət törədib.