6 Yanvar 2023 13:50
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 5-də Astara rayon polis şöbəsinə şəhər ərazisində atəş səsinin eşidilməsi barədə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində atəşi açmaqda şübhəli bilinən rayon sakinləri R.Məlikov və əvvəllər məhkum olunmuş A.Rzayev saxlanılıblar.

R.Məlikovdan müvafiq sənədləri olan “MR-155” markalı ov tüfəngi aşkar edilib.

A.Rzayev ilkin ifadəsində yanvarın 4-də saat 22 radələrində rayon sakinləri, əvvəllər məhkum olunmuşlar A.Vəliyevin, A.Əliyevin və Y.Kərimovun onu evdən çağıraraq rayon sakini, əvvəllər məhkum olunmuş R.Bağırovun idarə etdiyi “BMW” avtomobildə sonuncunun evinə aparmalarını, orada onu döyərək 10000 manat pul gətirməsini tələb etmələrini və pulu gətirməsi üçün saat 2 radələrində onu buraxmalarını bildirib.

Keçirilən tədbirlərlə A.Vəliyev, A.Əliyev, Y.Kərimov və R.Bağırov saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Astara rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov