Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə bağlı əvəz olunması barədə verdiyi vəsatətə baxılıb.
Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Məhkəməsində keçirilən qapalı prosesdə vəsatət təmin olunmayıb.
Qeyd edək ki, iyulun 24-sdə Qubad İbadoğlunun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib.
Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində ifadə verib.
Həmin ifadə əsasında Qubad İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və o, saxlanılıb.
Qubad İbadoğlunun barəsində Cinayət Məcəlləsinin 204.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Daha sonra ona Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.