ATƏT-in Bakı Layihə Əlaqələndiricisindən Xarici İşlər Nazirliyinə daxil olmuş məktubda ATƏT-in Bakı Layihə Əlaqələndiricisi Aleksis Şahtaxtinskinin təyinat müddətinin 31 may 2015-ci il tarixində başa çatması bildirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
“ATƏT-dən verilən məlumata görə, Fransa Hökuməti vətəndaşlığını daşıyan Aleksis Şahtaxtinskinin ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusunda fəaliyyət müddətinin 31 may 2015-ci il tarixindən sonrakı müddətə uzadılmasını dəstəkləməyib”, – deyə H.Hacıyev vurğulayıb.
Qeyd edək ki, Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Tvitter” səhifəsində ATƏT-in Azərbaycandakı nümayəndəsi Aleksis Şahtaxtinskinin fəaliyyət mandatının dayanması barədə məlumat aldığını yazıb. Onun sözlərinə görə, diplomatik dairələrdə bunun əsas səbəbini ABŞ-ın ATƏT-dəki səfirinin mövqeyi ilə izah edirlər: “ABŞ-ın ATƏT-dəki səfiri D.Bayer A.Şahtaxtinskiyə irad tutub ki, sən niyə ölkənin başçısı ilə şəkil çəkdirmisən? Belə çıxır ki, A.Şahtaxtinski səfir Bayerlə şəkil çəkdirsəydi, onun gələcək karyerası çox uğurlu olardı”.
Xatırladaq ki, ATƏT-in Daimi Şurasının 26 iyul 2013-cü il tarixli qərarına əsasən 1 yanvar 2014-cü il tarixindən etibarən ATƏT-in Bakı Ofisi ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusuna transformasiya olunub.
Səxavət