"Cəmil Həsənli ona görə bizə qarşı aqressiv davranır ki, yazdıqlarımızın hər biri nöqtə zərbəsidir. O, özünü siyasi mələk kimi təqdim edir, amma elə deyil. Yəni, bunun sifətinin necə olduğunu mən “Professorun pula tüpürməkliyi” adlı yazımda göstərmişəm. Yazdıqlarımın hamısı faktdır, onların gerçək olmasına şərəfim və namusumla cavabdehəm. Qarşı tərəf təəssüf ki, o hissələrdən kənar olaraq inkar yolunu tutub. “Belə bir şey olmayıb” deyirlər. Amma hər kəsə məlumdur ki, bu adam bir korrupsionerin dəstəyini pulla satın almış və ortada maklerlik etmiş bir adamdır. Çox təəssüf ki, belə birisini zamanında biz də dəstəkləmişik, iç üzünü bilə-bilə. Demək istəyirəm ki, bundan sonra da qəzetə, şəxsimə yönəlik təhqir və əsassız böhtanlar cavablandırılacaq. Müsavat Partiyası haqqında heç nə deyə bilmərəm, partiyanın öz seçimi var. Əli Kərimli və Cəmil Həsənliyə qarşı savaşda mənim heç bir xüsusi dəstəyə ehtiyacım yoxdur, tam əksinə, bu bir söz və informasiya savaşı olduğu üçün partiyanın mənim dəstəyimə ehtiyacı var. Bu imkanlar məndə daha genişdir”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib. O bildirib ki, Milli Şuranın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimlinin sosial şəbəkədə saxta profillərlə təşkilatlanmış qrupu var: “Virtual məkanda əllərində nə qədər imkan varsa, o qədər də üstümüzə hücum edirlər. Əli Kərimli uzun illərdir ki, virtual məkanda möhkəmlənmə siyasəti aparır, bunu onun yanından gedən cəbhəçilər də bildiriblər. Real həyatdan bir qopuqluqları var, imkanları məhduddur. Amma 50-100 nəfərlə virtual məkanda ciddi bir təsir göstərə bilirlər. Belə ki, hər kəsin bir neçə profili var. Dörd, beş, altı, bəzən səkkiz saxta profili olan cəbhəçilər var və onların yeganə işi “Facebook”da keşik çəkməkdir. Onların siyasi həyata heç bir real təsir imkanları yoxdur. Mitinq, kütləvi aksiyalar, hakimiyyətə gedən real siyasi proseslərə təsir etmək imkanları yoxdur, ona görə də bütün gücü virtual aləmə veriblər. Orada da nəyə görəsə hədəflərində olan, elan etdikləri mandat istiqamətində çalışmırlar. Nə hakimiyyətə, nə də təyinatlarına uyğun digər institutlara hücum etmir, onlardan yazmır, yalnız və yalnız “Yeni Müsavat” qəzeti ilə il ərzində bir neçə dəfə savaş aparırlar. Ancaq qəzetimizin tirajı bu adamların hamısının bir yerdə “layk”larından dəfələrlə yuxarıdır. Bu baxımdan narahatlığa və dəstəyə ehtiyac yoxdur”.
R.Arifoğlu rəhbəri olduğu qəzetdə Milli Şura haqqında yayılan məlumatların əsaslı olduğunu vurğulayıb: “Bizim yazılarımızın hər biri doğru və dəqiqdir. Bu məlumatlar normal siyasi mühitdə Cəmil Həsənli və onun tipində liderlərin siyasi həyatının bitməsinə səbəb olardı. Bu informasiyalarda nöqtə və zərbələr o qədər dəqiqdir ki, buna reaksiyalar da aqressiv olur. Çünki Cəmil Həsənli hakimiyyətə bağlı informasiya orqanlarında hər gün tənqid olunur, ancaq onların heç birinə reaksiya vermir. Yalnız “Yeni Müsavat” qəzeti yazanda buna çox kəskin reaksiyalar verir. Bunun da səbəbi dediyim kimi, nöqtə zərbələridir”.
Baş redaktor qeyd edib ki, C.Həsənliyə bu məsələdə informasiya dəstəyi və siyasi dəstəyi AXCP sədri verir: “O istəyir ki, bu dava qızışsın. Bunun da səbəbi bəllidir. Çünki biz artıq müəyyən fasilələrlə 20 ilə yaxındır ki, Əli Kərimli ilə savaşırıq. Əvvəllər biz onu hakimiyyətə işləməkdə və düşərgəsini dəyişdirməkdə ittiham edirdik. İndi də eyni ittihamları müəyyən müddətdən sonra bizə qaytarır. Yəni, Əli Kərimli ilə münasibətlərimizdə dəyişən bir şey yoxdur. Sadəcə olaraq, bir zamanlar onun mövqeyində dayanıb bizə atəş açanlar, indi onun yanında yoxdurlar, yeniləri gəlib. Cəmil Həsənli də üçüncü dəfə onun yanına qayıdıb. Proses davam edir, onlar da əsas missiyalarını unudublar. Hakimiyyətə gəlmək, parlamentə seçilmək, siyasi mübarizə aparmaq, mitinqlər təşkil etmək əvəzinə, bütün güclərini bir qəzetlə savaşa sərf ediblər”.
Baş redaktor daha sonra deyib: “Cəmil Həsənli utanmadan, yaşına, başına, adına, tərbiyəsinə, imicinə uyğun olmayacaq stastuslar yazır, altından da at ilxısı, it sürüsü kimi tökülüşürlər. Hər kəs ağlına, evdə aldığı tərbiyəyə uyğun mənim haqqımda, qəzet haqqında sözlər yazır. Yəni, hal-hazırda Azərbaycan Xalq Cəbhəsinin, Milli Şuranın, Cəmil Həsənlinin, Əli Kərimlinin gündəliyində Rauf Arifoğlu və “Yüni Müsavat”dan başqa heç nə yoxdur. Bu, özü-özünü ifşadır. Yəni, ola bilməz ki, bir qəzetə bu qədər reaksiya verilə. Bir qəzetin yazdıqlarına bu qədər önəm verilə. Deməli, məsələ yazmaqla bərabər həm də mənim növbəti dəfə sərhədlərimi kiçiltmək, qəzetimin nüfuzunu azaltmaq, imkan olsa məni ictimai rəydə gözdən salmaqdır.. Amma bu bədbəxtlər bilmirlər ki, bunların mandatları, təyinatları tamam fərqlidir. Bunlar artıq siaysətdə bitmiş adamlardır. Bu baxımdan da nə təsiri olacaq ki, onların dediklərinin və yazdıqlarının? Mənə qəzetimin tirajının genişlənməsindən və ciddi siyasi proseslərə təsir imkanlarımın böyüməsindən ayrı heç bir zərər vura bilməzlər. Tam əksinə düşünürəm ki, bunlar bu anda da bütün gücləri ilə mənə çalışmaqdadırlar”.
R.Arifoğlu yaranan qarşıdurmanın məhkəmə perspektivinin olub-olmayacağı məsələsinə də aydınlıq gətirib: “Mən bunlara çox baş qoşmaq niyyətində deyiləm. İşim həddindən artıq çoxdur. Onlar siyasi avaralardır. Boş vaxtları çoxdur, heç bir faydalı iş əmsalları da yoxdur. Elə hərdən-bir cavab yazacam. Cəmil Həsənlinin “Facebook”dakı bugünki son statusundan görürəm ki, mənim cəmi bir yazımla bütün tarazlığını itirib, əsəb gərginliyi keçirir. Ağsaqqal adamdır, başına bir iş gələr, sonra məni suçlayarlar, ona görə də çox üstünə getmək fikrim yoxdur. Hərdən cavab verəcəm”.
Səxavət