3 Fevral 2016 13:29
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cenevrədə Suriya ilə bağlı gərgin danışıqlar davam edir. BMT-nin vasitəçilik etdiyi danışıqlarda müxalifət üç təkliflə çıxış edib. Müxalifətin sözçüsü Salim al-Muslat deyib ki, bu təkliflər mühasirənin aradan qaldırılması, qadın və uşaqların azad edilməsi, o cümlədən Rusiyaya və Əsəd rejiminə məxsus hərbi təyyarələrin uçuşlarının dayandırılmasıdır: "Bu müddəalar qəbul edilməsə, biz Cenevrəni tərk edəcəyik".

Müxaliflərin başqa bir nümayəndəsi Monzer Maxus bildirib ki, onlar Cenevrədə cəmi bir neçə gün gözləyəcəklər: "Biz danışıqlara görə deyil, Əsəd rejiminin niyyətini yoxlamaq məqsədi ilə buradayıq".

BMT Təhlükəsizlik Şurasının ötən ay qəbul etdiyi qətnamə bütün tərəflərdən tələb edir ki, mühasirədə olan ərazilərə humanitar yardım çatdırılmasına imkan versinlər, qanunsuz saxlanan şəxsləri buraxsınlar, dinc əhalinin yaşadığı yerlərə hücumları dayandırsınlar.

Bir həftəyə yaxın davam edən danışıqlarda heç bir nəticə əldə olunmayıb və Suriyada hər gün silah səsləri eşidilir, dinc insanlar qətl edilir. Cenevrə danışıqları ilə bağlı münasibətini öyrənmək üçün müraciət etdiyimiz politoloq Zərdüşt Əlizadə hesab edir ki, Rusiya Suriyada hərbi əməliyyatlara başlayandan sonra müxalifətin nüfuzu aşağı düşüb: "Hər kəs bilir ki, Rusiya terrorizmə qarşı mübarizə adı altında Əsədi müdafiə edib və Dəməşq hakimiyyətinin gücünü artırıb. Vaxtilə Əsədi qəbul etməyən müxalifər indi təklif irəli sürürlər. Suriya gözəl ölkə idi, tarixi binalarla yanaşı, müasir tikililər ölkəyə xüsusi gözəllik verirdi. Əsəd hakimiyyəti və silahlı müxalifət gözəl diyarı xarabaxanaya çevirdilər. Əgər müxalifəti həqiqətən də, Suriyanın taleyi, firəvanlıq maraqlandırırsa heç bir şərt irəli sürməsinlər, otursunlar danışıq masasına müzakirə aparsınlar. Müzakirənin gedişindən asılı olaraq təkliflərini irəli sürsünlər. Hər kəs yaxşı bilir ki, Suriya müxalifəti xaricdən idarə olunur. Müxalifət təklif edir ki, Rusiya hərbi qüvvələri Suriyadan çıxsın, əməliyyatlar dayandırılsın. Əsəd də təklif edəcək ki, müxalifət xaricdən silah almasın. Odur ki, şərtlərlə Əsəd rejimi danışıqlara getməyəcək".

Z.Əlizadəyə görə, Rusiyanın Suriyadan çıxması ağlabatan görünmür: "Mühribəyə başlamaq asandır, qurtarmaq çətin. Putin macəraya baş vurdu və Suriyada hərbi əməliyyatlara başladı. Problemi həll etmədən Suriyadan çıxması Putin üçün hörmət, nüfuz itkisi olacaq. Rusiya müəyyən hərbi uğur qazandığını bəyan edib. Mənə elə gəlir ki, az da olsa, uğur var. Hava zərbələrindən sonra Əsəd qoşunları bəzi ərazilərə nəzarəti bərpa edib. Ona görə də müxalifətin nazı ilə oynamaq niyyətində deyil. Suriya müxalifəti olduqca pərakəndədir. Hərəsinin özünümüdafiə taboru var. İndiki Suriya 1992-93-cü illərin Azərbaycanı kimi ölkədir. Suriyada hərbi əməliyyatlar, anarxiya sonsuzluğa qədər davam edə bilməz. İmkanlar tükənir, tərəflər müharibədən beziblər. Suriya artıq Qərb və Rusiya üçün başağrısına çevrilib. Suriya xalqı artıq müxalifətə inanmır. Müxalifət ilk günlər bəyan edirdi ki, xalqa azadlıq, firəvanlıq gətirəcək. Hanı? Bu nə deməkdir? 20 yanvar hadisəsindən öncə Xalq Cəbhəsinin Azərbaycanda böyük hörməti var idi, amma Qanlı Yanvardan sonra bütün nüfuzunu itirdi. İndi Suriya xalqı da bilir ki, müxalifəti firəvanlıq yox, vəzifə maraqlandırır və hakimiyyətə gəlmək üçün qan tökürlər. Bu mənada Cenevrə danışıqlarında razılıq əldə olunacağına inanmıram".

Politoloq bildirdi ki, Türkiyə artıq Suriya ətrafında cərəyan edən proseslərdə rol oynamır: "Türkiyəni prosesdən uzaq tutublar. Rusiya PKK terror təşkilatının Suriya qolu PYD-nin Fərat çayının qərbinə doğru irəliləməsinə dəstək verir. Türkiyə bunun qarşısını necə alacaq? Suriyaya girəcək? Hesab edirəm ki, Türkiyə Suriyada Rusiya ilə üz-üzə gəlməyəcək. Bu, çox səhv addım olardı. Böyük dövlətlər Suriyanın həyatı ilə oynamamalıdırlar. Ölkədə hümanitar fəlakət pik həddə çatıb. Əhali Suriyanı tərk edib. Onları geri qaytarmaq çətin olacaq".

Ayxan


Müəllif:

Oxşar xəbərlər