"Ən ağır durumumuzda belə Suriyadakı insanların acınacaqlı vəziyyətinə biganə qala bilmərik, biz də bu prosesdə simvolik də olsa iştirak etməliyik. Hətta bir neçə yüz və ya bir neçə min türkmənin və ya ərəb mənşəli suriyalının Azərbaycanda yerləşdirilməsində də qəbahətli heç nə görmürəm, bununla qardaş Türkiyənin də dərdinə şərik çıxarıq. Bu mənada dövlət başçısı İlham Əliyevin Londonda Suriyaya yardım konfransında iştirakını müsbət qiymətləndirirəm".
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Azərbaycan prezidenti İlham Əliyevin “Suriyaya və regiona dəstək” konfransında iştirak üçün Londona səfər etməsinə münasibət bildirərkən qeyd edib.
E.Şahinoğlunun sözlərinə görə, Azərbaycan müharibədən əziyyət çəkən ölkələrə yardımlar edir: "Biz bu gün də Əfqanıstana maliyyə yardımı edirik, həbrçilərimiz oradadır, əfqan mütəxəsisslər Bakıda müxtəlif kurslara cəlb edilirlər, o cümlədən qardaş Pakistana yardım edirik, zəlzələdən əziyyət çəkən pakistanlıları unutmuruq və bu ölkədə məktəb inşa edirik. Vaxt gələcək Suriyanın yenidən qurulmasında da rol almağımız mümkündür. Azərbaycan Cənubi Qafqazın lider dövləti statusunu daşımaq istəyirsə, məncə öz vətəndaşları ilə yanaşı ağır durumda olan qonşu dövlətlərin də sosial problemlərinin həllində bu və ya digər dərəcədə rol oynamalıdır. Hər halda suriyalılara və əfqanlara etdiyimiz və edəcəyimiz qardaş köməyi beynəlxalq yarışlara ayrılan maliyyə vəsaitlərin cuzi hissəsini təşkil edəcək. Bundan narahat olmağa dəyməz. Yardımımızın dəyəri insana verilən qiymətdir".
Qeyd edək ki, prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Munun, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun, Almaniya Federativ Respublikasının Kansleri Angela Merkelin, Norveç Krallığının Baş naziri Erna Solberqin və Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın dəvəti ilə konfransda iştirak edib.
Prezident Londonda “Suriyaya və regiona dəstək” konfransında çıxış edərək bildirib ki, Azərbaycan Suriyada humanitar inkişafa artıq töhfə vermiş və verəcək ölkələr arasındadır: "Lakin ən əsası sülh, atəşkəs, siyasi həllin tapılmasıdır. Yalnız bundan sonra iş yerləri açılacaq, təhsil istənilən səviyyədə olacaq və insanlar öz gələcəyinə inanmağa başlayacaqlar. Biz bu böyük iqtisadi və sosial çətinliklərdən əziyyət çəkmiş bir ölkə kimi buna necə nail olmağın yolunu bilirik. Biz iş yerlərinin yaradılmasında təcrübəmizi paylaşa bilərik".
Ayxan