22 İyul 2014 11:47
1 354
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk baxışdan cəlbedici layihə

Son günlər Azərbaycanın futbol təsərrüfatında yeni mövzu müzakirə olunur. Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev bildirib ki, azərbaycanlı və türkiyəli futbolçuların Premyer Liqa və Superliqada legioner sayılmaması ilə bağlı danışıqlar aparılır.

PFL prezidenti deyib ki, azərbaycanlı futbolçuların Türkiyə Superliqasında çıxış etməsi üçün yaxşı imkan yaranıb: “Hazırda bu istiqamətdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Peşəkar Futbol Liqası və Türkiyə Futbol Federasiyası nümayəndələri arasında danışıqlar gedir. Əgər danışıqlar müsbət yekunlaşarsa, türkiyəli futbolçular Azərbaycan çempionatında, azərbaycanlı futbolçular isə Türkiyə Superliqasında oynayacağı təqdirdə legioner statusu daşımayacaqlar”.

PFL rəhbəri bu məsələnin yaxın günlərdə müsbət sonluğa doğru yekunlaşacağına inandığını vurğulayıb: “Tərəflər arasında razılıq əldə olunacağı halda, anlaşmanın şərtləri cari mövsümə tətbiq olunacaq”.
Xatırladaq ki, təxminən 10 ildi Türkiyə çempionatında azərbaycanlı futbolçulara güzəşt tətbiq edilir. Ancaq bu güzəşt yalnız Türkiyənin ikinci liqasında şıxış edən klublar üçün keçərlidir. Bu liqada mübarizə aparan hər klubun heyətində türkdilli ölkələrdən (Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan) olan iki futbolçu legioner statusu daşımır.

Ramin Musayevin açıqlaması ilk baxışdan olduqca cəlbedici görünür. İndi hər kəs bu addımın müsbət tərəflərindən danışır. Sanki bu qərardan sonra azərbaycanlı futbolçuların Türkiyə Superliqasına kütləvi axını başlayacaq. Azərbaycan futbolunun reallığını nəzərə aldıqda isə, məsələyə belə münasibətin olduqca sadəlövh yanaşma olduğu ortaya çıxır.

Bir-birinə zidd addımlar

AFFA İcraiyyə Komitəsinin bu ilin mart ayında keçirilən iclasında Azərbaycan Premyer Liqasında legioner limitinə dəyişiklik edildi. İcraiyyə Komitəsinin qərarı ilə limit 6+5 həddinə qaldırıldı. Xatırladaq ki, buna qədər limit 7+4 həddində idi. Yəni meydanda 7 legioner, 4 yerli futbolçu ola bilərdi. Martda edilən dəyişikliklə yerli futbolçuların heyətdəki sayı 5-ə qaldırıldı. Legioner limiti 6+5 həddinə qaldırılarkən AFFA rəsmiləri bu addımı Premyer Liqa klublarında daha çox yerli futbolçuların oynaması üçün atdıqlarını bildirirdilər. Klub rəhbərləri də bu addımı dəstəklədilər. Onlar bildirdilər ki, limit dəyişikliyinin yerli futbolçuların təcrübə qazanması, inkişaf etməsi baxımından mühüm əhəmiyyəti olacaq. Mətbuat, bəzi mütəxəssislər isə bu qərarın fəsadlarını qabardırdılar. Onlar iddia edirdilər ki, ölkədə futbolçu qıtlığının yaşandığı bir ərəfədə limit dəyişikliyi yerli futbolçuların qiymətinin bahalaşmasına gətirib çıxaracaq.

Heyətdə yerinin təmin olunduğunu düşünən yerli futbolçu inkişaf etmək üçün öz üzərində çalışmayacaq. Üstəlik, futbolçu qıtlığı nəticəsində işbaz menecerlər futbolçuların qiymətini süni surətdə qaldırmağa cəhd edəcəklər. Bu qərarın fəsadı artıq hiss olunmaqdadır. Yay transfer dönəmində yerli futbolçuların klublara qiymət oxuması barədə məlumatlar mətbuatın gündəmini zəbt edib. Bu məsələnin üstündən keçək.

Diqqəti yeni ideyaya - Ramin Musayevin müzakirəyə çıxardığı məsələyə yönəldək. Bir halda ki, AFFA yerli futbolçuların Premyer Liqada daha çox oynamasına çalışır, onda türkiyəli futbolçuların Azərbaycanda legioner sayılmaması ideyası nə məsələdir?

Heç kimə sirr deyil ki, belə qərar qəbul olunacağı halda azərbaycanlı futbolçuların Türkiyə Superliqasına axını yaşanmayacaq. Niyə? Çünki Türkiyə Superliqasında oynayacaq səviyyədə azərbaycanlı futbolçu yoxdu. Baxın, Türkiyənin ikinci liqasında iki azərbaycanlı futbolçu legioner sayılmadan oynaya bilər. İndiyə qədər hansı Türkiyə klubu onlara yaradılan bu imkandan yararlanıb? Heç biri. Bununda səbəbi bəllidir. Çünki Azərbaycanda o səviyyədə futbolçu yoxdur. Azərbaycanda Türkiyənin ikinci liqasında oynamağa qadir olan iki-üç futbolçu tapmaq olar, vəssalam. Superliqadan isə söhbət açmağa belə dəyməz. Deməli, belə qərar qəbul olunarsa, azərbaycanlı futbolçuların Türkiyəyə yox, türklərin Azərbaycana kütləvi axını başlayacaq.

Avrokubokların verdiyi dərs

Görəsən, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycanda səviyyəli futbolçu qıtlığının yaşandığından xəbərsizdir?

Bundan xəbərsiz olmaq mümkün deyil axı. Elə bu mövsüm komandalarımızın avrokuboklardakı çıxışına nəzər saldıqda problemin nə qədər ciddi olduğu sezilir.

Təkcə bir faktı qabardaq: Tarixində ilk dəfə avrokuboklara qatılan “Qəbələ” Bosniyanın “Şiroki Briyeq” komandası ilə oyunda əsasən yerli futbolçulara bel bağladı. Nəticədə “Qəbələ” hər 2 qarşılaşmada məğlub olub mübarizəni dayandırdı.

“Qəbələ”dən fərqli olaraq, avrokuboklar təcrübəsi çox olan Bakının “İnter” klubu isə Moldova “Tiraspol”u ilə qarşılaşmada demək olar ki, legionerlərə güvəndi. Güvəndi və hər 2 oyunda qalib gələrək mərhələni adladı.

Onu da qeyd edək ki, “Qəbələ”nin Bosniyada 0:3 hesabı ilə məğlub olduğu oyunda heyətdə 9 yerli, “İnter”in Bakıda 3:1 hesabı ilə qalib gəldiyi oyunda isə 9 legioner futbolçu yer almışdı.


Transfer “bazarlığına” hesablanmış qərar

Ramin Musayevin dediyi məsələ - türkiyəli futbolçuların Azərbaycan çempionatında, azərbaycanlı futbolçuların isə Türkiyə Superliqasında legioner sayılmaması ideyası reallaşacağı təqdirdə, bundan qazanan ancaq və ancaq Türkiyə tərəfi olacaq.

Türkiyədə kütləvi şəkildə futbolçu yetişdirilir. Onlar Avropanın güclü çempionatlarında oynamaq iqtidarında olmasalar da, zəif Azərbaycan çempionatında rahatlıqla özlərini göstərə bilərlər. Təbii ki, Azərbaycan klubları bu imkandan maksimum yararlanacaqlar. Nəticə nə olacaq? Nəticədə legioner sayılmayan türklər yerli futbolçuları heyətdən uzaqlaşdıracaqlar. Bu da AFFA-nın bir müddət əvvəl dəyişiklik etdiyi legioner limitinə tam ziddir. Bəs necə olur ki, AFFA özünün qəbul etdiyi bir qərarın əhəmiyyətini başqa bir qərarla heçə endirir?

Çox güman ki, belə zidiyətli qərarların qəbul edilməsinin arxasında transfer “bazarlığı” dayanır. Legioner limitinin 6+5 həddinə qaldırılması AFFA-nın baş katibi Elxan Məmmədovla millinin baş məşqçisi Berti Foqtsun ideyasıdır. PFL prezidenti Ramin Musayev Premyer Liqada, ümumiyyətlə, limitin olmamasının tərəfdarı olub. O, mətbuata verdiyi açıqlamada bu fikri dəfələrlə qabardıb. İlk baxışdan baş katiblə Berti Foqtsun futbolumuzun gələcəyi naminə legioner limitinin 6+5 həddinə qaldırılmasına cəhd etdiyini düşünmək olar. Ancaq ölkənin aşağı yaş qruplarından olan milli komandaların heyətinə nəzər saldıqda tam başqa mənzərə formalaşır. Aşağı yaş qruplarından olan milli komandalar, demək olar ki, Almaniya və Rusiyadan gətirilib milliləşdirilən futbolçulardan formalaşdırılıb. Rusiya və Almaniyanın aşağı liqa komandalarında çıxış edən bu futbolçuların Azərbaycanın Premyer Liqa klublarında oynamasını təmin etmək lazımdır. Məhz bunun üçün də limit 6+5 həddinə qaldırıldı ki, klublar məcburi qaydada bu futbolçulardan yararlansınlar.

Kim məğlub olacaq?

Sözsüz ki, klubların heyətində yerli futbolçuların sayı artdıqca, komandaların oyun keyfiyyəti də aşağı düşür. Bunu “Qəbələ” və “İnter”in müqayisəsində göstərdik. Son nəticədə isə Azərbaycan klubları Avropada uğursuz çıxış edirlər. Təbii ki, bu amil də Peşəkar Futbol Liqasının prezidentini qane etmir. Üstəlik, onu da nəzərə alaq ki, baş katib milliləşdirilmiş futbolçuların transferinə nəzarət edirsə, legionerlərin ölkəyə gəlişi də PFL prezidentinin nəzarətindədir.

Deməli, limitin 6+5 həddinə çatdırılması Məmmədovun biznesinin çiçəklənməsi, Musayevin gəlirlərinin azalması deməkdir.

Bax, gəldik məsələnin mahiyyətinə. Bu qərar qəbul olunacağı halda, türkiyəli futbolçuların Azərbaycana axını başlayacaq. Bu axına isə Musayevin şəbəkəsinə daxil olan menecerlər nəzarət edəcək. Üstəlik, bu mövsümdən tətbiq olunacaq 6+5 limiti də əhəmiyyətini itirəcək. Yəni türklər legioner sayılmayacağı halda, yerli futbolçular üçün ayrılmış kvotanı da məhz onlar tutacaqlar. Bundan sonra Elxan Məmmədovun və Foqtsun milliləşdirdiyi futbolçulara kim ehtiyac duyar ki?

Bu mübarizədə baş katibin, yoxsa PFL prezidentinin qalib gələcəyi bəlli deyil. Ancaq o aydındı ki, yenə də Azərbaycan futbolu məğlub olacaq.

Natiq Muxtarlı


Müəllif:

Oxşar xəbərlər