"Turan Tovuz"un əsas komandası üçün yeni binanın açılışı klubun yarandığı günün ildönümündə gerçəkləşəcək.
Bu barədə Teleqraf.com-a Qərb təmsilçisinin İdarə Heyətinin sədr müavini, eyni zamanda infrastruktur və maliyyə üzrə direktoru Əli Balakişiyev məlumat verib. Onun sözlərinə görə, tədbir fevralın 14-də baş tutacaq.
Klub rəsmisi akademiya və əsas komanda futbolçularının şəraitinin yaxşılaşdırılması məqsədilə belə bir yenilik etdiklərini açıqlayıb: “İndiyədək akademiya üzvləri ilə əsas komandanın futbolçuları eyni binada qalırdı. Bundan sonra onları ayıracağıq. Əsas komanda yeni tikilidə - üç mərtəbəli ayrıca binada qalacaq. Zirzəmi və üst qatda işlər tamamlanmaq üzrədir. Fevralın 14-də - klubun yaranma günündə yeni binanın açılışını edəcəyik. Bu bina bazanın ərazisində yerləşəcək. Köhnə binada isə akademiyanın uşaq sayı artırıla bilər. Say artırılmasa belə, Akademiyadakı uşaqlara daha yaxşı şərait yaradacağıq ki, onlar otaqlarda daha az sayda yerləşsinlər”.
Ə. Balakişiyev Tovuz şəhər stadionunda ot örtüyünün təbiiyə dəyişdirilmə məsələsinə də aydınlıq gətirib: “Planımızda süni örtüyün dəyişdirilməsi də var. Amma indiki vəziyyətdə Bakının Kürdəxanı qəsəbəsindəki layihəmizə böyük məbləğ sərf edirik. Maliyyədən əlavə, “Turan Tovuz”un, eləcə də “Kəpəz”in ev oyunlarını hansı stadionda keçirəcəyi məsələsi var. Bu və digər səbəblərdən dolayı yaxın müddətdə bu mövzuda yenilik olmayacaq”.
Qeyd edək ki, "Turan Tovuz" 2024-cü ilin dekabrında Tovuz şəhər stadionunun örtüyünü dəyişmək məqsədilə xərclərin 50 faizini AFFA-nın qarşılaması üçün quruma müraciət edib. Lakin milli assosiasiya 2025-ci ilin büdcə layihəsində sözügedən məsələ ilə bağlı görüləcək işlərə maliyyənin ayrılmasının nəzərdə tutulmadığını bildirib.