Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya Fransanın PSJ klubuna keçidi ilə əlaqədar təəssüratlarını bölüşüb.
Teleqraf.com xəbər verir ki, 23 yaşlı hücumçu Paris komandasının formasını geyinməyi özü üçün şərəf saydığını bildirib. O, dünyanın nəhəng klublarından birində oynamaqla öz arzusunu gerçəkləşdirdiyini söyləyib: "Bu, böyük fəxr və istəkdir. Arzularımızı həyata keçirmək üçün birlikdə mübarizə aparacağıq. Çox xoşbəxtəm".
Kvaratsxeliya 2024-cü ilin yayında Gürcüstan millisi ilə birlikdə Avropa çempionatında çıxış edib. Qonşu ölkə yığması 1/8 finalda İspaniyaya 1:4 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb. 2023/2024 mövsümündə isə o, "Napoli"nin heyətində İtaliya A Seriyasında 34 oyuna 11 qol və 6 məhsuldar ötürmə müəllifi olub. Həmçinin UEFA Çempionlar Liqasında forvard 8 oyuna 1 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Xviça Kvaratsxeliya PSJ-yə 70 milyon avroya transfer olunub. O, Parislilərlə 2029-cu ilin yayınadək müqavilə bağlayıb.