Ümumiyyətlə, Ermənistan hakimiyyəti son addımları ilə təhlükəli oyunlar oynayır. Rəsmi İrəvanın Qərb tərəfindən silahlandırılması, müəyyən kənar qüvvələrin kəşfiyyat orqanlarının bu ölkədə yerləşdirilməsi regionumuzda sabitliyə xidmət etmir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.
O bildirib ki, Ermənistan parlamentinin Avropa İttifaqına üzvlüyü müraciətlə bağlı sənədin qəbul olunması, ABŞ ilə strateji tərəfdaşlıq haqqında sazişin imzalanması bu baxımdan xüsusi vurğulanmalıdır: "Paşinyan hakimiyyətinin bu davranışı təbii ki, Rusiyanı ciddi narahat edir. Çünki Ermənistan indiyə qədər Rusiyanın regionda forpostu funksiyasını yerinə yetirib. İndi isə Paşinyan hakimiyyəti öz davranışı ilə Qərbin əlaltısına çevrilir. Əslində, Paşinyanın bu siyasəti Rusiya tərəfindən xoş qarşılanmır. Ermənistan hakimiyyəti Qərbin diktəsi ilə Rusiyadan uzaqlaşmaq siyasətini davam etdirir. Əlbəttə, İrəvan anlayır ki, Rusiyanı qıcıqlandıran qərarların bir bədəli ola bilər. Ona görə də, Nikol Paşinyan Vladimir Putinə zəng edib. Telefon söhbəti ilə bağlı rəsmi açıqlamalarda təbii ki, təfərrüatlar tam açıqlamır. Yəqin ki, Paşinyan Rusiyanın qəzəbindən, atacağı sərt addımlardan yayınmaq üçün Putinə izahat verib,guya həmin sənədlərin Moskvaya qarşı yönəlmədiyini sübut etməyə çalışıb. Amma faktlar ortadadır. Məlumdur ki, Avrasiya İqtisadi İttifaqı Avropa İttifaqına əks, alternativ bir blokdur. Aİİ üzvü olan ölkə Aİ-nin üzvü ola bilməz. Əgər Ermənistan üzünü Aİ tərəfə çevirirsə, onda Rusiyanın təsir dairəsində olan digər bloku tərk etməlidir. Bu da İrəvan üçün ciddi fəsadlar yaradacaq. Çünki Ermənistan iqtisadiyyatı Rusiyadan çox asılıdı".
Deputat qeyd edib ki, rəsmi İrəvan nəzərə almalıdır ki, Rusiyanın Ermənistana böyük təsir imkanları qalmaqdadır. Belə ki, Rusiyanın Ermənistanda böyük hərbi bazası mövcuddur. Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazası Rusiya Federasiyasının Şimali Qafqaz hərbi dairəsinin Qafqazdakı Qoşun Qruplaşmasına tabedir və 5 minə yaxın hərbçidən ibarətdir. İki ölkə arasında imzalanmış müqaviləyə görə, hərbi baza Ermənistanda 49 il qalmalıdır. Belə ki, bununla bağlı iki dövlət 1995-ci ildə 25 il müddətinə sənəd imzalayıb. 2010-cu ildə isə hərbi bazanın dislokasiya müddəti uzadılıb. Eyni zamanda, Rusiyanın Ermənistana qarşı iqtisadi təsir imkanları kifayət qədər güclüdür.
O əlavə edib ki, Ermənistanın hazırkı addımları bütün region dövlətlərinin maraqlarına ziddir. Çünki Rusiya və İranın Aİ və ABŞ ilə münasibətləri çox gərgindir. Belə bir şəraitdə Ermənistan ərazisində Aİ missiyasının yerləşdirilməsi də qəbulolunmazdır: "Ermənistanın bu kimi addımları sülh prosesinə də zərbə vurur. Digər bir narahatedici məqam isə rəsmi İrəvanın hərbiləşmə siyasətini davam etdirməsidir. İş burasındadır ki, Ermənistanı ən çox silahlandıran da Qərb ölkələridir. Təbii ki, Ermənistanın silahlandırılması regionda hərbi gərginliyin yaradılmasına xidmət edir".