Vergi ödəyicilərinə xidmətlərin spektri genişləndiriləcək, bir sıra yeni elektron xidmətlərin tətbiqi həyata keçiriləcək. Vergilərini vaxtlı-vaxtında ödəyən nümunəvi vergi ödəyicilərinin adları ictimaiyyətə açıqlanacaq. Nümunəvi vergi ödəyicilərinə münasibətdə vergi inzibatçılığı sadələşdiriləcək və onlara ünvanlı xidmətlər göstəriləcək.
Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, bu barədə avqustun 10-da nazirlikdə Azərbaycan Respublikası Prezidentinin "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" 4 avqust 2016-cı il tarixli sərəncamı və bu sərəncamla bağlı nazirliyin qarşısında duran vəzifələrə həsr edilən mətbuat konfransında bildirilib.
Vergilər nazirinin müavini, 3-cü dərəcəli vergi xidməti müşaviri İlkin Vəliyev son illər ərzində vergi sistemində həyata keçirilən islahatlar və görülən işlər barədə ətraflı məlumat verib.
O, qeyd edib ki, son 10 ildə vergi sistemi əsaslı şəkildə modernləşdirilib, vergi inzibatçılığı kökündən dəyişdirilərək beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilib, vergi orqanları ilə vergi ödəyiciləri arasında texnoloji baxımdan mükəmməl elektron əlaqələrin yaradılması, geniş təhlil bazasına malik informasiya sistemlərinin qurulması istiqamətində geniş tədbirlər həyata keçirilib. Son 10 ildə vergi daxilolmaları 5 dəfə, qeyri-neft-qaz sektorundan daxilolmalar 5,7 dəfə, regionlardan büdcə daxilolmaları isə 10,2 dəfə artıb. Qeyri-neft-qaz sektorundan daxilolmaların ümumi vergi daxilolmalarında xüsusi çəkisi hazırda 70 faizə çatır.
Nazir müavini elektron xidmətlərin tətbiqi sahəsində görülən işlərə toxunaraq hazırda vergi ödəyicilərinin təxminən 90 faizinin vergi bəyannamələrini elektron şəkildə təqdim etdiyini vurğulayıb. Bildirib ki, artıq vergi ödənişləri plastik kartlarla internet üzərindən də həyata keçirilə bilir, dünya təcrübəsində ən mütərəqqi yeniliklərdən olan "E-audit" və "Asan imza" kimi mühüm layihələr yalnız regionda deyil, ümumilikdə postsovet məkanında ilk olaraq məhz Azərbaycanın vergi sistemində reallaşdırılıb. Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycan e-qeydiyyat sisteminin uğurlu tətbiqi üzrə dünyanın aparıcı dövlətləri sırasındadır.
O deyib ki, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, son 10 ildə vergi ödəyicilərinin sayının 5 dəfədən çox artması nəticəsində yeni vergitutma mənbələri yaranıb.
Qarşıdakı dövrdə ölkə başçısının tapşırıqlarına uyğun olaraq istehsal fəaliyyəti ilə məşğul olan kiçik və orta sahibkarlar üçün mənfəət (gəlir) və əlavə dəyər vergisinin dərəcələrinin aşağı salınması ilə bağlı qanunvericilikdə dəyişikliklərin edilməsi və bu sahədə vergi inzibatçılığının yüngülləşdirilməsi nəzərdə tutulur.
Prezident sərəncamının mühüm bir müddəasının əlavə dəyər vergisinin (ƏDV) differensiallaşdırılması ilə bağlı olduğunu vurğulayan İlkin Vəliyev bir sıra istehlak mallarının qiymətlərinin ƏDV-nin differensiallaşdırılması yolu ilə tənzimlənməsinin nəzərdə tutulduğunu vurğulayıb. Beynəlxalq təcrübədə belə mallara uşaq qidaları, məktəbli ləvazimatları, dərman vasitələri, əlillər üçün tibbi məhsullar və avadanlıqlar, kitablar və bir sıra xidmət növləri daxildir ki, biz qarşıdakı dövrdə bu sahədə beynəlxalq təcrübəni öyrənərək Vergi Məcəlləsinə müvafiq dəyişikliklər layihəsini hazırlayaq.
Uzun müddətdir müəyyən diskussiyalara səbəb olmuş kənd təsərrüfatı məhsullarının ticarət şəbəkələrində pərakəndə satışı zamanı tam dəyərinin ümumi qaydada ƏDV-yə cəlb edilməsi ilə bağlı məsələ də artıq öz həllini tapacaq. Bu addım kiçik və orta sahibkarlığı stimullaşdırmaqla yanaşı, pərakəndə ticarətdə rəqabət mühitini təmin edəcək.
İlkin Vəliyev bildirib ki, vergi ödəyicilərinə xidmətlərin spektri genişləndiriləcək və bir sıra yeni elektron xidmətlərin tətbiqi həyata keçiriləcək. Vergilərini vaxtlı-vaxtında ödəyən nümunəvi vergi ödəyiciləri və intizamsız vergi ödəyiciləri müəyyən ediləcək və onların adları ictimaiyyətə açıqlanacaq. Nümunəvi vergi ödəyicilərinə münasibətdə vergi inzibatçılığı sadələşdiriləcək və onlara ünvanlı xidmətlər göstəriləcək.
Vergitutma bazasının genişləndirilməsi və vergi nəzarəti ilə bağlı məsələlərə toxunan nazir müavini xərclərin süni şəkildə artırılması hallarının aradan qaldırılması, ölkə hüdudlarından kənarda, o cümlədən vergi sığınacağı - ofşor hesab edilən dövlətlərdə və ya ərazilərdə təsis edilmiş şəxslər tərəfindən həyata keçirilən əməliyyatlar üzrə gəlirlərin transfert qiymətləri tətbiq edilməklə vergiyə cəlb olunması üçün qanunvericiliyə dəyişiklik ediləcəyini bildirib.
Bununla yanaşı, Azərbaycan Respublikası rezidentlərinin güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə (ofşor zonalarda) yaradılmış müəssisələrlə əməliyyatlarına səmərəli nəzarət mexanizmlərinin qurulması nəzərdə tutulur. Bu mexanizmlər ofşorlarda yaradılmış müəssisələr vasitəsilə müxtəlif sxemlərdən istifadə edərək gəlir və mənfəətlərini Azərbaycan Respublikasında vergidən yayındıran şəxslərin müəyyənləşdirilməsi və həmin məbləğlərin qanunvericiliyə müvafiq qaydada vergiyə cəlb edilməsindən ibarətdir.
Bəzi vergi ödəyiciləri vergi qanunvericiliyi ilə verilmiş hüquqlardan sui-istifadə etməklə vergidən yayınırlar. Beynəlxalq təcrübə nəzərə alınmaqla belə vergi ödəyicilərinin vergitutma obyektlərini şəffaf şəkildə vergiyə cəlb etmək və vergitutma bazasının gizlədilməsinin qarşısını almaq məqsədilə vergi qanunvericiliyinə hüquqlardan sui-istifadə əleyhinə müddəaların daxil edilməsi nəzərdə tutulur.
Tədbirdə "Könüllü vergi açıqlaması" sisteminin tətbiqi barədə məlumat verilib. Qeyd edilib ki, könüllü vergi açıqlaması vergi orqanı tərəfindən keçirilən vergi yoxlaması zamanı aşkar olunmamış səhvlərin vergi ödəyicisi tərəfindən könüllü olaraq bəyan edilməsini nəzərdə tutur. Bu isə vergi ödəyicisinə dəqiqləşmiş bəyannamə verilməsi hüququnu verir ki, həmin bəyannamə ilə könüllü açıqlanmış vergi məbləğlərinə görə vergi ödəyicisinə faiz hesablanması və maliyyə sanksiyasının tətbiqi istisna ediləcək.
İlkin Vəliyev bildirib ki, artıq Vergilər Nazirliyində ölkə prezidentinin sərəncamı ilə əlaqədar kollegiya iclası keçirilib və sərəncamla müəyyən edilmiş tapşırıqların icrası ilə bağlı Tədbirlər Planı qəbul olunub. Tədbirlər Planında sərəncamda müəyyən edilmiş bütün məsələlər üzrə konkret görüləcək işlər, bu işlərə məsul struktur vahidləri və konkret icra müddətləri müəyyən edilib. Planın ilin sonuna kimi icrası təmin olunacaq.