"Azərbaycan iqtisadiyyatında müşahidə olunan neqativ tendensiya azalmaqdadır".
"APA-Economics" xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankı (European Bank Reconstruction and Development, EBRD) baş iqtisadçısı Sergey Quriyev deyib.
Onun sözlərinə görə, neftin kəskin ucuzlaşması Azərbaycan iqtisadiyyatına ciddi təsir edib: "Lakin neqativ tendensiya azalmaqdadır. Milli valyutanın məzənnəsi isə bir qədər stabilləşib. 2017-ci ildə Azərbaycanda iqtisadi artım gözlənilir".
EBRD son icmalında Azərbaycanda 2016-cı ildə 3%-lik resessiya, 2017-ci ildə isə 1%-lik iqtisadi artımın olacağını proqnozlaşdırıb.
"Yanvar-sentyabr aylarında Azərbaycanın ÜDM-i ötən ilin analoji dövrü ilə müqayisədə 3,9% azalıb. Qeyd edilən dövrdə neft sektoru üzrə ÜDM 6,1% azalıb. Ötən illərdə iqtisadi artımın əsas drayveri olan sahələrə investisiyaların həcmində də azalma müşahidə olunub. Milli valyutaya inamın artırılması cəhdlərinə baxmayaraq hesabat dövründə manata təzyiqlər davam edib. İnflyasiya 2015-ci ildəki 4% səviyyəsindən 11,2%-dək artıb ki, buna manatın ucuzlaşması səbəb olub", - deyə sənəddə qeyd edilib.