Bu gün “Azərsu” ASC-də Azərbaycanda səfərdə olan İslam İnkişaf Bankının (İİB) nümayəndə heyəti ilə görüş keçirilib.
"Azərsu"dan Teleqraf.com-a verilən məlumata görə, görüşdə qurumun sədr müavini Etibar Məmmədov İİB-nin Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində iştirakını yüksək qiymətləndirib.
O, “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi” çərçivəsində Tərtər, Gədəbəy, Daşkəsən, Astara şəhərlərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində görülən işlər barədə məlumat verib: "Artıq Tərtər şəhərində su və kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşıb, Gədəbəy, Daşkəsən və Astara şəhərlərində tikinti-quraşdırma işləri qrafikə uyğun davam etdirilir. 2017-ci ildə isə daha bir şəhərdə - Qazaxda içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlanılması nəzərdə tutulur".