Prezident İlham Əliyevin cənub bölgəsinə səfərləri davamlı xarakter daşıyır.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.
O qeyd edib ki, dövlət başçısı hər il regionların inkişafı ilə bağlı həyata keçirilən proqramların icrası çərçivəsində həmin bölgədə müasir infrastruktur obyektlərinin, yeni istehsal müəssisələrinin, sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərində iştirak edir: “Cənub rayonlarında geniş və əhatəliliyi ilə fərqlənən layihələrin icra olunması bu bölgənin ən ucqar yaşayış məntəqələrində abadlıq-quruculuq, yenidənqurma işlərinin və infrastruktur təminatının modernləşdirilməsi, yol, nəqliyyat, su, işıq, qaz təminatı daha da yaxşılaşıb, yeni məktəb, xəstəxana, mədəniyyət və idman obyektləri tikilərək istifadəyə verilməsi ilə nəticələnib”.
A.Hüseynov qeyd edib ki, cənub bölgəsi son illər iqtisadi potensialına və milli ixracın formalaşmasında rəqabətədavamlı gücünə görə, xüsusilə seçilməkdədir: “Bu bölgə kənd təsərrüfatının ənənəvi sahələrinin inkişaf etdiyi region kimi diqqəti cəlb edir və son illər aqrar strategiyanın həyata keçirilməsində cənub rayonlarının rolu daha da artmaqdadır. Meyvə, tərəvəz istehsalı komplekslərinin yaradılması, çayçılıq, üzümçülük, şərabçılıq, çayçılıq, tütünçülük, sitrus bitkiləri və digər sahələrin dirçəlməsi bu bölgənin qeyri-neft istehsalı və ixracında çəkisini əhəmiyyətli dərəcədə yüksəltməkdədir. Dövlət başçısının Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair keçirdiyi respublika müşavirəsində vurğuladığı kimi cənub bölgəsi bu gün kənd təsərrüfatının, milli sahibkarlığın inkişafında ən əhəmiyyətli regonlardan biridir və son illərdə bu bölgədə iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı siyasət öz mühüm töhfələrini verməkdədir. Cənub bölgəsi ölkənin ərzaq təhlükəsizliyinin möhkəmlənməsində də mühüm rol oynamaqdadır. Bu bölgəyə olan yüksək dövlət qayğısı bir sıra strateji məhsullara tələbatın yerli istehsal hesabına ödənilməsinə, xarici bazarlardan asılılığın azalmasına, ixracyönümlü məhsulların istehsalının artırılmasına səbəb olub”.