4 Yanvar 2018 13:09
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il manatın məzənnəsi daha çox neftin qiymətindən asılı olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Maliyyə naziri Samir Şərifov manatın möhkəmlənməsi üçün təzyiqlərin olduğunu bildirib:

“Bir müddət öncə isə Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının sifarişi ilə Niderlandın ING maliyyə holdinqinin tərəfdaşı ACT LLC humanitar təşkilatı tərəfindən bu ay keçirilən sorğu və hazırlanan hesabatda Azərbaycan milli valyutasının dollara nisbətən kursunun 2018-ci ildə 1.59-dək yüksələcəyi qeyd olunub. Mərkəzi Bankın mövqeyi dəyişməyib. Bildirilib ki, əgər qlobal şoklar baş verməsə, o zaman 2018-ci ildə manat dəyər itirməyəcək. Baş bankda bu şokların nə olduğu açıqlanmasa da, təbii ki, söhbətin neftin qiymətindən getdiyini təsəvvür etmək çətin deyil. Deməli, bu il manatın məzənnəsi daha çox neftin qiymətindən asılı olacaq. Amma bütün hallarda manatın yenidən möhkəmlənməsi qeyri-neft ixracatı və iqtisadiyyatın diversifikasiyası baxımdan arzuolunan deyil. O baxımdan, iqtisadi baxımdan mövcud məzənnəni qoruyub saxlamaq daha məntiqi olardı”.

Ekspert qeyd edib ki, son proseslər də göstərir ki, Mərkəzi Bank manatın yenidən kəskin möhkəmlənməsində maraqlı görsənmir: “Baş bank üçün mövcud məzənnəni qoruyub saxlamağın daha prioritet olduğu hiss edilir. Əslində, hökumətə təqdim etdiyimiz təkliflərdə manatın möhkəmlənməsi deyil, mövcud məzənnənin qorunub saxlanması və bunun müqabilində 2015-ci ildə hazırladığım “üç tərəfli” mexanizm əsasında xarici valyutada kreditləri olan vətəndaşlarımıza bu il kompensasiyaların verilməsi öz əksini tapıb. Bu bir tərəfdən, Azərbaycan qeyri-neft məhsullarının rəqabət qabiliyyətliliyinin qorunub saxlmasına gətirib çıxarar, digər tərəfdən isə problemli kreditlərin sağlamlaşdırılması, əhalinin banklara olan borc öhdəliyinin kəskin azaldılması baxımdan ciddi irəliləyişə səbəb olar”.


Müəllif: İlhamə Əbülfət